backend

Putin və Qərb İrəvanın arxasından çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq, lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin təhlükəsini anlamır: “Siyasi rəhbərlik ümidlərini Rusiyaya və Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin İrəvan buna baxmayaraq, rusların dediyi ilə oturub-durur. Buna görə də beynəlxalq səhnədə də heç bir tərəfdaş tapa bilməmişik”.

Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə Rusiyadan asılıdır.

“Buna görə də müharibədə Qərb, xüsusilə də NATO heç bir dəstək verməyəcək. Qərbdə hesab edirlər ki, Rusiya Ermənistanın müttəfiqidir, buna görə də lazımi dəstək verəcək. Lakin reallıqda bu, belə deyil. Azərbaycan da bunu yaxşı anlayır və Ermənistana vuracağı zərbəyə Moskvanın səs çıxarmayacağını bilir”, – deyə o bildirib.

İ.Muradyan əlavə edib ki, müharibədə NATO Azərbaycana dəstək verə bilər: “Çünki Bakı İrəvandan fərqli olaraq, NATO ilə sıx əməkdaşlıq üçün qapısını daim açıq saxlayır. Bununla yanaşı, ən yaxın müttəfiqi olan Türkiyə NATO üzvüdür, həmçinin, Şimal Alyansının diqqət göstərdiyi Gürcüstanla sıx əlaqələri var. Bütün bunlar Bakının İrəvan üzərindəki üstünlükləridir. əgər müharibə olacaqsa, Ermənistan açıq şəkildə məğlub olacaq. Bunun səbəbi isə indiyə qədər erməni rəhbərliyinin Rusiyaya bel bağlayaraq, Qərbdən üz döndərməsidir”.

Erməni politoloq Qarabağda yaxın dövrlərdə ən azı lokal müharibənin baş verəcəyini hesab edir.