Xəbər verildiyi kimi, Donald Tramp Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün Vladimir Putinlə görüşmək niyyətində olduğunu açıqlayıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp inauqurasiyasından sonra verdiyi açıqlamalarda Rusiya – Ukrayna münaqişəsinin bitirilməsi müddəti və şərtləri barədə bəzi fikirlər səsləndirib. Jurnalistlər Trampa seçki kampaniyası zamanı müharibəni 24 saat ərzində bitirmək vədini xatırladıb. Tramp buna zarafatla cavab verib: “Hələ günün yarısı keçib. Digər yarısı qabaqdadır”.
Onun sözlərinə görə, uzanan münaqişə Rusiya iqtisadiyyatına və bütövlükdə ölkəyə kritik zərbə vurur və vəziyyəti sabitləşdirmək üçün sülh sazişi lazımdır. Tramp deyib ki, müharibə “heç vaxt baş verməməli idi”.
O, Putinlə görüşünün təşkili ilə bağlı danışıqların davam etdiyini bildirib. Onun fikrincə, Rusiya başçısı münaqişənin uzadılmasının nəticələrini anlayır. “Putinlə çox yaxşı anlaşdım. Ümid edirəm ki, o, razılaşmaq istəyir”, – Tramp mümkün görüş barədə deyib.
Tramp Rusiya iqtisadiyyatının yüksək inflyasiyadan və müharibənin nəticələrindən əziyyət çəkdiyini vurğulayıb və əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sülhə nail olmaq üçün həll yolları tapmağa hazırdır: “Zelenski razılıq əldə etmək istəyir. Bilmirəm, Putin bunu istəyirmi? O, razılaşmalıdır. Hesab edirəm ki, o, sövdələşməyə getməməklə Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq”.
Bu arada ABŞ-nin yeni dövlət katibi Marko Rubio deyib ki, müharibəyə son qoymaq üçün hər iki tərəf kompromislərə getməli olacaq. Lakin o da nizamlanmanın dəqiq vaxtı barədə heç nə deməyib.
Donald Trampı ABŞ Prezidenti kimi inauqurasiyası münasibətilə təbrik edən Vladimir Putin Moskvanın Rusiya – Ukrayna müharibəsinin nizamlanması məsələlərində ABŞ-nin yeni administrasiyası ilə dialoqa hazır olduğunu vurğulayıb. Rusiya Prezidenti qeyd edib ki, Rusiya – Ukrayna münaqişəsinin həllinin açarı böhranın köklü səbəblərini aradan qaldırmaqdır. Putinin sözlərinə görə, məqsəd regionda yaşayan “bütün xalqların qanuni maraqlarına hörmət əsasında uzunmüddətli sülh” olmalıdır.