Rusiya Qarabağ danışıqlarını tam nəzarətə götürüb, Minsk qrupunun fəaliyyəti formal xarakter daşıyır.
Rusiya Qarabağ danışıqlarını tam nəzarətə götürüb, Minsk qrupunun fəaliyyəti formal xarakter daşıyır.
TİA.AZ xəbər verir ki, bu barədə İstipress-ə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilmiş görüşünü şərh edərkən bildirib.
“Rusiya danışıqları özü aparır, sonra isə ATƏT-in Minsk qrupunun digər üzvlərinə sadəcə məlumat verir”,- deyə politoloq vurğulayıb.
Dünənki görüşü şərh edən erməni mətbuatı da Rusiyanın münaqişənin nizamlanması prosesini öz nəzarətinə götürdüyünü iddia edirlər. Onların iddiasına görə, Rusiyanın məsələni nəzarətə götürməsi Bakının maraqlarına uyğundur və Ermənistana təzyiq məqsədi daşıyır. Məsələn, Ermənistanın “Lragir” portalı yazır:
“Əslində, Bakını yalnız bir iş maraqlandırır – problemi üçtərəfli (Rusiya, Ermənistan, Azərbaycan – red.) formatına keçirmək. Bu formatda danışıqlar yox, Ermənistana birtərəfli təzyiq baş verəcək”.
Erməni şərhçilər çoxdan iddia edirlər ki, Rusiya Azərbaycanı Avrasiya İttifaqına daxil etmək üçün Qarabağ məsələsindən istifadə etmək niyyətindədir və buna görə də münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllində maraqlı deyil.
Qabil Hüseynli isə bu cür iradlarla razılaşmır: “Münaqişənin Minsk qrupu çərçivəsində həllinə Ermənistan mane olur. Ermənistan Rusiyaya arxalanaraq ərköyünlük edir. Rusiya və Ermənistan danışıqlara sadəcə imitasiya üçün gedirlər”.
Politoloq Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarması üçün ordunun gücləndirməsini vacib sayır: “Biz ordunu gücləndirməklə yanaşı, ictimaiyyəti də buna hazırlamalıyıq. Hazırda bu proses gedir və gün gələcək Azərbaycan xalqı bütün ərazilərini işğaldan azad etməyə nail olacaq”.