Düşənbədə MDB sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fikir ayrılığı yaranıb.
Tribunainfo.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin iclas zamanı Paşinyana hazırda iki ölkə arasında ticarət dövriyyəsinin hansı həcmdə olması barədə sual ünvanlayıb.
Paşinyan isə cavabında Rusiya və Ermənistan arasında həmin rəqəmin 2025-ci ildə 4 milyard dollar, ötən il isə 9 milyard dollar olduğunu bildirib.
Putin isə bu fikirlə razılaşmayaraq göstəricilərin daha çox olduğunu qeyd edib: “Daha çox. Ötən il daha çox olub və bu il də çox olacaq. Bu, aydındır”.
Ermənistan Baş naziri bu irada sadəcə “Ola bilər” deyə cavab verib.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, 2024-cü ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 1,6 dəfə artıb və 12 milyard dollardan çox təşkil edib.