Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Kreml sahibinin iki ölkə rəhbəri ilə birlikdə Ali Baş Komandana zəng etmələri ilə bağlı bir çox müzakirələr başlayıb.
Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov məsələni şərh edib.
Politoloqun sözlərinə görə, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra dövlətlərarası münasibətlərdə gərginliyin artırılması məqsədilə hər iki tərəfdə müəyyən qüvvələrin fəallaşması, regionun təhlükəsizlik arxitekturasının dəyişdirilməsində maraqlı olan dairələrin diqqət mərkəzində olmuşdur. Bu məqama qədər isə dövlətlərarası münasibətlər qarşılıqlı inam və etimada söykənmiş, faydalı əməkdaşlıq xarakteri daşımışdır.
“Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralında müttəfiqlik münasibətlərinə dair məlum müqavilənin imzalanmasından sonra ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf etmiş, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilmişdir.
Ermənistanla münasibətlərdəki problemlərin həllində rəsmi Moskva moderator kimi öz üzərinə götürdüyü missiyanı uğurla davam etdirmiş, onun vasitəçiliyi ilə aparılan danışıqlar konstruktiv anlaşma şəraitində keçmişdir.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəngi, rəsmi Moskvanın Bakı ilə əlaqələrin bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində davam etdirilməsi və genişləndirilməsinə maraqlı olduğunun göstəricisi kimi xarakterizə oluna bilər.
Moskva Azərbaycanın regionun təhlükəsizlik problemlərinin həllindəki rolunu müsbət qiymətləndirir, rəsmi Bakının regionda “3+3” formatında əməkdaşlıq təkliflərini dəstəkləyir və müdafiə edir.
Regionun təhlükəsizlik arxitekturasının dəyişdirilməsi üçün Qərbdə bəzi dairələrin səylərinin rəsmi Bakının siyasi uzaqgörənliyi və iradəsi nəticəsində iflasa uğramasının səbəbləri Moskva tərəfindən də yaxşı başa düşülür və yüksək qiymətləndirilir. Regionda infrastruktur və logistika imkanlarının genişləndirilməsi, Azərbaycanın da iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizinin infrastruktur layihələrinin uğurlu icrasından asılıdır və Azərbaycanın bu layihələrin reallaşdırılmasındakı rolu Kremlin xüsusi diqqətindədir.
Rəsmi Bakı çoxvektorlu və uğurlu xarici siyasəti ilə həm Qərbdə, həm də Şərqdə etibarlı tərəfdaş imici qazanıb. Belə bir dövlətlə əməkdaşlıq münasibətlərinin inkişafı və yüksəlişi Rusiyanın qlobal və regional təhlükəsizlik maraqlarına da uyğundur. Keçən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda BRİKS beynəlxalq təşkilatının forumuna Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəvət olunması, Azərbaycana təkcə Rusiya deyil, həm də BRİKS kimi nüfuzlu təşkilat tərəfindən marağın göstəricisi kimi diqqət çəkir. Bunun təsdiqi olaraq Azərbaycan özü də BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət etmişdir.
Azərbaycanın D-8 təşkilatına üzv olması, ölkənin uğurlu xarici siyasətinin daha bir sübutu kimi dəyərləndirilir.
Rusiyanın Azərbaycana verdiyi önəm həm də ondan irəli gəlir ki, Qərbdə bəlli dairələrin israrlı dəvət və təkliflərinə baxmayaraq, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etmişdir. Bu baxımdan Azərbaycan geniş tranzit və logistika imkanlarına malik ölkə kimi Yaxın və Orta Şərq ilə ticarət əlaqələrinin saxlanılmasında və genişləndirilməsində mühüm rol oynayır.
Rusiya, Azərbaycanı Avrasiya məkanının aparıcı oyunçularından biri kimi görməklə yanaşı, onunla münasibətlərin Avrasiya İqtisadi İttifaqı çərçivəsində də inkişaf etdirilməsinin tərəfdarıdır.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqla yanaşı, tərəflər hərbi-texniki sahədə də münasibətlərin genişləndirilməsində maraqlıdırlar”.
Dəniz