Geopolitik mübarizənin ən həlledici, dünya nizamının yeni quruculuq prosesində gözlənilmədən Kreml sahibi Putin Ağ Ev rəhbəri Baydeni təriflədi. Rusiya lideri amerikalı həmkarını təcrübəli siyasətçi adlandırdı. SSRİ-ABŞ arasında heç belə təhlükəli “soyuq müharibə” və nüvə savaşı riski olmamışdı ki, indi Moskva-Vaşinqton xəttində yaşandığı halda, Putin Baydenə tərif yağdırdı. Tribunainfo.az-ın siyasət şöbəsi xatırladır ki, rus ordusunun Ukraynaya hücumundan az əvvəl Bayden Putini qatil adlandırmışdı. Lakin hazırda kuryoz hadisə baş verir – Rusiya prezidenti ona qatil deyən ABŞ liderini mədh edir. Sitat: Prezident Bayden dünyanın ən təcrübəli siyasətçilərindəndir.
İlk növbədə inanıram ki, prezident Bayden, necə deyərlər, hakimiyyətin yuxarı eşelonlarında keçirdikləri vaxt baxımından, sözsüz ki, dünyanın ən təcrübəli siyasətçilərindən biridir. O, uzun müddətdir siyasətdədir”, – Rusiya prezidenti jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Əlbəttə, o, təcrübəli insandır, qarşısına hansı vəzifələri qoymalı olduğunu və onlara necə nail olacağını bilir”, – Rusiya lideri bildirib.
Təbii ki, Putin onun yaşına işarə edib. Bəli, Bayden ahıl siyasətçidir və soyuq müharibə illərini görüb. Amma Kreml başçısı rişxənd, ya da ironiya ilə də replika atmış ola bilər. Çünki son zamanlar Baydenin qocalığı hər addımda hiss olunur: yaddaşsızlıq, adları səhv deməsi, çaşması, bədən dili, hərəkətləri və s.
Analitiklər istisna etmir ki, Putin Baydenə bununla jest etmiş də ola bilər. Yəni Ukraynada münaqişəni dayandırmaq üçün həll formulu tapılmalıdır. Axı bu gedişlə müharibə sonsuz və mənasız görünür. Belə sürünən savaş nəticə vermir. Bu səbəbdən bir model axtarılıb tapıla bilər. O formul isə tərəflərin heç birini qalib və ya məğlub göstərmir…