Pulumuz varsa, necə saxlayaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dolların gələcəkdə möhkəmlənməsi ehtimalı…

 

Dolların gələcəkdə möhkəmlənməsi ehtimalı…

   
İlin sonuna qədər dolların daha da möhkəmlənəcəyi bildirilir.Bu isə ABŞ-ın iqtisadi artım gücü və uçot dərəcəsini artırması gözləntilərinin təsiri ilə baş verəcək. ABŞ-ın nüfuzlu “Goldman Sachs” bankının analitik hesabatında avroya qarşı dollar almaq məsləhət görülüb. Bankın analitikləri Zax Pandl (Zach Pandl) və Kamakşya Trivedinin (Kamakshya Trivedi) sözlərinə görə, dollar möhkəmlənməyə başladığından, bu valyutaya da maraq artmalıdır. Bank analitikləri hesab edirlər ki, qısamüddətli perspektivdə dolların güclənməsi istisna deyil.

Pandl və Trivedi avro/dollar məzənnəsinin bu ilin sonuna qədər 1,15 USD/EUR səviyyəsinə kimi geriləyəcəyini proqnozlaşdırırlar. Onlar Avropa səhm bazarının zəif inkişaf edəcəyini ehtimal edirlər.Şübhəsiz ki, dolların möhkəmlənməsinin təsiri Azərbaycandan da yan keçməyəcək.Belə olan halda, vətəndaşlarımız ehtiyatda manat, dollar, avro, hansı pul kütləsi saxlamalıdır?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dolların gələcəkdə möhkəmlənməsi ehtimalı kifayət qədər yüksəkdir:

“Son bir neçə ayda, əsasən də sosial problemlərdən qaynaqlanan məsələlərə, Federal Ehtiyatlar  Sistemində (FES) baş verən fikir ayrılıqlarına görə dolların zəifləməsi dünyada baş verdi. Yəni 102 funtdan 91 funta qədər dollar indeksi dünyada azaldı.Amma FES-in son qərarları bu toparlanmanı həyata keçirir.Yəni FES elan etdi ki, uçot dərəcəsini artıracaq, obrazlı desək, dollarları bazardan yığmağa çalışacaq.Bununla da kreditləri geri qaytarmağa çalışacaq.Bu da təbii ki, doların dünyada bahalaşmasını özündə ehtiva edən amillərdən biridir.Məhz bu nöqteyi-nəzərdən iri yatırım şirkətləri dolların bahalaşma ehtimalının daha yüksək olduğunu qeyd edərək, öz müştərilərini dollara yatırım etməyi və xeyirli addım olacağına dair məlumatlar yayırlar.Hesab edirəm ki, ilin sonuna qədər dünya çapında dolların dəyər qazanması baş verəcək.İstər-istəməz bu Azərbaycana da təsir edəcək”.

Ekspertin dediyinə görə Mərkəzi Bank Azərbaycanda inzibati qaydada dolların məzənnəsinin sabit saxlanılmasına çalışır:

“Dolların məzənnəsi aylardır ki, 1.70 civarındadır, çox cüzi dəyişikliklər olur. Amma buna baxmayaraq dünyada bu proses başlasa, Azərbaycandan da yan keçməyəcək. Az da olsa, dolların pillə-pillə möhkəmlənməsini görə bilərik. O ki, qaldı yatırıma, Azərbaycan vətəndaşları təəssüflər olsun ki, artıq manata güvənmirlər. İki böyük devalvasiya manata olan güvəni yerləbir etdi.Ona görə kiminsə manat vəsaiti varsa, yalnız dollarda saxlamağa çalışır.Amma mən məsləhət görərdim ki, əgər sərbəst vəsaitləri varsa, bunu üçlü səbət halına salsınlar.Yəni üçlü səbət şəklində öz yatırımlarını saxlasalar, daha yaxşı olar. Cari, gündəlik xərclərinin  az bir miqdarını manatda saxlasınlar. Digər yığım üçün nəzərdə tutduqları vəsaiti isə dollar, avro və dünyanın ilk beşliyinə daxil olan valyutalardan birində saxlasınlar. Bu funt sterlinq, İcveçrə frankı, yapon yeni ola bilər. Bu zaman hər hansı valyuta məzənnələrində olan dəyişikliklərdə ən azı uduzmayacaqlar.Birinin qiyməti düşdükdə, digərinin qiyməti qalxır, bu da balans yaradır.Uduzma ehtimalını sıfıra yaxınlaşdırır.Ona görə də üçlü səbət formulunu yatırımçı üçün məqbul variant hesab edirəm”.