backend

“Psixoloqlar, vəkillər efirə çıxmaq üçün bu pulu ödəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xoşqədəm xanımdan incik olduğum üçün dəvəti qəbul edib getmədim. 

 

Xoşqədəm xanımdan incik olduğum üçün dəvəti qəbul edib getmədim.

 

TİA.AZ xəbər verir ki, bu sözləri tanınmış jurnalist Seymur Verdizadə Musavat.comsaytına müsahibəsində deyib.

 

O, teleaparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında yaranan soyuqluğa aydınlıq gətirib:

 

“Xoşqədəm xanımla aramız dəyib. Belə demək mümkünsə, Xoşqədəm xanım məndən inciyib. O, hesab edir ki, ötən il ANS-də onun müəllifi olduğu “Sən tək deyilsən” və “Səni axtarıram” verilişləri bağlananda onu yetərincə müdafiə etməmişəm. Hansı ki, həmin vaxt mən sizin qəzetinizə, o cümlədən başqa bir saytda bu verilişin əhəmiyyəti barədə geniş açıqlamalar vermişdim.

 

ANS-də növbəti verilişini başlayanda da məni bir müddət verilişə dəvət etmədilər. Daha sonra verilişin prodüseri məni dəvət elədi. O zaman da mən Xoşqədəm xanımdan incik olduğum üçün dəvəti qəbul edib getmədim. Beləcə, arada bir soyuqluq yarandı. Mən Xoşqədəm xanımın verilişi ilə paralel olaraq Xəzər TV-də Zümrüd xanımın müəllifi olduğu “Yeri gəlmişkən” verilişində də ekspert idim. Hər həftə o verilişə də çıxırdım.

 

Amma növbəti yayım mövsümündə Zümrüd xanımın da verilişi qapandı. Və nəticə etibarilə mən televiziyadan uzaq düşdüm. Keçən dəfə Xoşqədəm xanımın verilişi bağlananda da demişdim ki, mənim o verilişdə iştirakım davamlı ola bilməz, mən televiziya jurnalisti deyiləm. Mənim işim yazmaq, danışmaqdır. Hazırda bir neçə layihədə də rəhbər vəzifəsində olduğuma görə efirlərə can atmıram. Mənə elə gəlir ki, efirdə öz sözümü demişəm”.

 

Jurnalist telekanallardakı ümumi vəziyyətdən də söz açıb. Onun sözlərinə görə, bəzi vəkil və psixoloqlar efirə çıxmaq üçün veriliş aparıcısına və telekanal rəhbərliyinə qeyri-leqal ödəmələr edir, efirdən bir növ reklam vasitəsi kimi istifadə olunur:

 

“Efirdə olmağıma görə mənə heç bir qonorar ödənilməyib. Mənim qohumlarım, dostlarım soruşurlar ki, orda qazancın nədir? Hər zaman zarafatla deyirdim ki, əvvəllər hər verilişin sonunda bizə “çox sağ ol” deyirdilər. Amma indi hər verilişin sonunda dava düşdüyü üçün heç “sağ ol” deyən də olmur.

 

Təəssüf ki, Azərbaycan teleməkanında ekspertlərə pul ödənilmir. Sizə bir sirr açım, Azərbaycanda bir çox insanlar efirə çıxmaq üçün veriliş aparıcısına və telekanal rəhbərliyinə qeyri-leqal ödəmələr edirlər. Vəkillər, psixoloqlar bu məsələdə öndə gedirlər. Mən umurdum ki, verilişə çıxdığıma görə mənə qonorar verilməlidir. Amma sonra gördüm ki, mənim sağımda-solumda oturan adamlar pul ödəyib gəlirlər.

 

Söhbət birbaşa Xoşqədəm Hidayətqızının verilişindən getmir. Mənə bu yaxınlarda danışıblar ki, özəl kanallardan birindəki verilişdə müğənni canlı yayım zamanı, hələ veriliş bitməmiş 300 manat pulu efirdə oturduğu kreslonun üstünə qoyub. Psixoloqlar, vəkillər isə efirə çıxmaq üçün bu pulu ödəyirlər. Çünki daha sonradan bu, onlara gəlir olaraq qayıdır. Jurnalistika elə sənətdir ki, burda şöhrət sərvət gətirmir. Amma tanınmayan bir vəkil mülki bir işlə bağlı müqaviləni 300 manata bağlayırsa, tanınan vəkil bu müqaviləni 2000-2500 manata bağlayır.

 

Tanınmayan psixoloqun aylıq qazancı 800-1000 manatı keçmir. Efirə çıxan, tanınan psixoloqlar isə ayda 10 min manata yaxın qazanırlar. Mənimsə efir vasitəsilə populyar olmağım şəxsi büdcəmə müsbət təsir göstərmədi. Ona görə ictimai nəqliyyatdan istifadə edirəm ki, aylıq qazancımı ailəmin dolanışığı, uşaqlarımın təhsilinə ancaq bəs edir. Maşın almaq üçün gərək övladlarımın boğazından kəsim. Öz şəxsi rahatlığım üçün övladlarımın nəinki bir gün, bir saat belə ac qalmasına razı ola bilmərəm”.

 

Azərbaycan teleməkanındakı vəziyyətdən gileylənən jurnalist şou-biznes nümayəndələrinə “yaşıl işıq” yandığını deyib:

 

“Efirə daha çox şou biznes əhli hakimdir. Onların da intellektual , mədəni səviyyəsi Azərbaycan xalqının səviyyəsindən aşağıdır. Dostlarım dəfələrlə irad bildiriblər ki, bu verilişlərə çıxmayım. Mən də bir dəfə bu verilişə çıxmadım. Nə oldu, bilirsizmi? Mənim yerimə Rəqsanəni çıxartdılar. Mən çıxmayanda Rəqsanəni çıxarırlar. Ona görə də çalışıram bütün dəvətlərə gedim. Çünki inanıram ki, səviyyəm, hadisələrə yanaşmam Rəqsanəninkindən daha yüksəkdir və cəmiyyətə ondan artıq fayda verə bilərəm. Biz rəqsanələrin əlini-qolunu bağlamaq üçün efirə çıxmışıq”.