“Psixoloji cins nə zaman bilinir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətin nüvəsini ailə təşkil edir. Sağlam təməllər üzərində qurulan ailələrdə sağlam uşaqlar cəmiyyətimizin xoşbəxtlik və uğur qaynağı olur.  

Cəmiyyətin nüvəsini ailə təşkil edir. Sağlam təməllər üzərində qurulan ailələrdə sağlam uşaqlar cəmiyyətimizin xoşbəxtlik və uğur qaynağı olur. 

İnkişaf etmiş ölkələrdə artıq hər ailənin bir ailə məsləhətçisi, hər məktəbin rəhbər müəllimi, hər müəssisənin psixoloqu vardır. Hər fərdin ailəsi tərəfindən qarşılanmasına ehtiyacı olan psixoloji ehtiyacları vardır. Ailə övladlarının bu ehtiyaclarnı qarşılıya bilirsə, sağlam fərdlər cəmiyyəti yaranır. Cəmiyyətimizdə uşaqlarımızın və ailələrin psixoloji durumunu öyrənmək üçün TİA.AZ psixoloq Günel Aslanova ilə müsahibəni təqdim edir: 

– Sizə daha çox hansı probləmlərə görə müraciət edirlər? 

– Hər ayın sonunda psixoloji dəstəklə əlaqədar özümə edilən müraciətləri təhlil edirəm. Cəmiyyətdəki sosial problemlərə uyğun olaraq, müraciətlərin məzmunu da dəyişir. Məsələn, imtahan ərəfəsidirsə, imtahan stresi, dərs ilinin başlanğıcıdırsa, məktəb fobiyaları, öyrənmə çətinlikləri, havalar boz keçirsə, depressiv əhval-ruhiyyə məzmunlu müraciətlərin, psixoloji dəstək almaq istəyən şəxslərin sayı çoxalır. Bu dəfə isə diqqətimi çəkən başqa məqam oldu. ki, cəmiyyətdə dəyişən sosial hadisələrdən, problemlərdən asılı olmayaraq, uşaqların psixoloji cinsinin (gender identiklyi) müəyyən edilməsi, bu mövzuda çaşqınlıqların aradan qaldırılması ilə əlaqədar psixoloji dəstək almaq istəyən sabit əmsallı kütlə var. Yəni, cəmiyyətdə nə baş verməsindən, hansı problem yaşanmasından, hansı fəsil olmasından asılı olmayaraq, bu problemlə əlaqədar müracət edənlərin sayında nisbət dəyişikliyi müşahidə edilmir.
– Səbəb nədir?
– Böyük ehtimal ki, cəmiyyətdə qadın və kişi rollarının yaxınlaşması, qadının cəmiyyətdə rolunun inkişafı uşaqlara da təsirsiz ötüşməyib. Artıq qadınların sosial həyatı ailə qayğılarını çəkmək, “qadın layiq” fəaliyyət sahələrində çalışmaqla məhdudlaşmır. Qadınların da kişilər kimi sosial həyatı genişlənib, liderlik bacarıqları artıb. Yiyələndikləri ixtisasların siyahısı daha müəlliməlik, həkimliklə bitmir, müxtəlif sahələrdə menecmentə qədər dəyişir. Bütün bunlar isə ailə qayğılarının qadınlar və kişilər arasındakı bögüsündə də fərqliliyə gətirib çıxarıb. Həyat yoldaşının işdən onunla eyni və ya daha gec saatda qayıtdığını bilən kişi də tədricən ailə həyatında “kişi işi” sayılmayan işləri öz üzərinə götürdü. Bütün bunlar isə əlbəttə ki, yaşlıları müşahidə edən uşaqların oyunlarına əks olunur. Oyunda sürücü, polis olan balaca qızlara, gəlinciklərini yedirib, altını dəyişən balaca oğlanlara hamımız tez-tez rast gəlirik. Belə halı aşkarlayan valideyn narahat olur, mütəxəssisə müraciət edir.
– Bəs nə etməli? Bu doğrudanmı bir təhlükədir?

– Əvvəla, uşaqların müşahidə etdikləri, şahidi olduqları hər bir hadisəni oyunlarına daxil edərək oynamaları çox təbii hadisədir. Əlbəttə, uşağın psixoloji cinsi ilə əlaqdar çaşqınlığın olması, ümumiyyətlə, bu sahədə probleminin olması həm valideyn, həm də uşağın özü üçün stress mənbəyidir. Valideyn bilmək istəyir ki, həqiqətənmi övladım gender identiklik pozuntusundan əziyyət çəkir? Yoxsa bu normal haldır? Onun gələcəkdə özünü hansı cins olaraq hiss edəcəyi, cinsi meylliliyi, homoseksual və ya heteroseksual olacağı ilə əlaqədar suallar axını beynini məşğul edir, cavablamaqda da aciz qalır. Beyninizəki suallara aydınlıq gətirməyə çalışacağamGəlin, patologiyaya aydınlıq gətirməzdən öncə gender identikliyi (psixoloji cins, cins eyniləşdirməsi) nədir, onunla gender davranışı arasındakı fərq nədir sualının cavabını tapmağa çalışaq. Bəzən bu iki anlayış arasındakı sərhədi tapa bilməmək müəyyən çaşqınlığa səbəb olur. Gender davranışı uşağın cinsə uyğun davranışlardır. Məsələn, qız uşağının üzünü təraş etməyə cəhd etməsi, oğlan uşağının makiyaj istifadə etməsi əks cinsə uyğun olan davranışlarıdır. Gender identikliyi isə onun özünü qız və ya oğlan kimi hiss etməsi, özünü hansı cinslə eyniləşdirməsidir.
– Psixoloji cins nə zaman bilinir?  
– Bioloji cins artıq ana bətnindən məlum olsa da, psixoloji cinsi təyin etmək üçün zamana ehtiyac var. 3 yaşını tamamlamamış uşaq “mən oğlanam” və ya “qızam” deyirsə, bu, yalnız qeyri-ixtiyari şəkildə deyilmiş cümlələrdir. 3 yaşından əvvəl uşağın psixoloji cinsi mövcud olmur, buna görə də özünü qız və ya oğlan olaraq hiss etməsi mümkün deyil. Hər hansı cinsə uyğun davransa da, özünü həmin cinsdən hiss edə bilməz. 3 yaşdan etibarən uşaq cinsi fərqliliyini yəni, özü ilə qarşı cins arasında bir fərq olduğunu anlayır və psixoloji cins də bunun əsasında inkişaf etməyə başlayır. Bu dövrdə artıq cinsə uyğun davranışlar da ayırd edilə bilir. 3 yaş öncəsi uşaqlar rəngarəngliyə meylli olurlar. Bu yaşda oğlanların makyaj dəstinə, gəlinciklərə olan meylləri psixikanın strukturu baxımından çox normaldır. 3 yaş sonrası isə psixoloji cinsinin fərqinə vardıqca, model olaraq gördükləri cinsin davranışlarını mənimsəyirlər. Zaman keçdikcə uşağın seçdiyi oyunlar və oyuncaqlar cinsinə uyğunlaşır. Demək, uşağın müşahidə etdiyi hadisələri öz oyununa daxil etməsi, xüsusən də bu 3 yaşdan öncədirsə əsk cinsə aid hadisələri də oynaması normal haldır.

– Bütün bunlar normaldırsa, bəs psixoloji cinslə əlaqədar çaşqınlıq nədir, o necə yaranır?
3 yaşdan sonrakı mühüm bir mərhələdə bəzi nüanslar nəticəsində uşaqlarda gender rolları, identikliyi ilə əlaqədar çaşqınlıq yarana bilər. Bu çaşqınlığa səbəb olan risk amillərinə aiddir:

1) Ailə övladını qarşı cins olaraq dəyərləndirir, uşaqda buna uyğun davranışlar formalaşdırır;

2)Uşaq öz cinsinə uyğun model tapa bilmir və ya model kimi qəbul etdiyi şəxs öz cinsinə uyğun davranmır;

  • Ailədə avtoritet, hakimiyyət qarşı cinsdən olan şəxsə məxsusdur;
  • Uşaq anaya ifrat şəkildə bağlıdır.

Belə bir dövrdə qız kimi geyindirilən, ata ilə əlaqəsi zəif olan, kişiyə xas hərəkətlər etdikdə dəcəllikdə ittiham olunan oğlan uşağı təsəvvür edin. Bu uşaqda cinsi ilə əlaqədar bir çaşqınlıq yaranmazmı?

– Bəs davranış gender identikliyinə (psixoloji cinsə) keçirmi?

– Yəqin ki, yuxarıda davranış və identiklik arasında olan fərqlə əlaqədar qeydim gözünüzdən qaçmayıb. Baxın, uşaqda cinsi davranışı ilə əlaqədar çaşqınlıq yaranarsa, qarşı cinsin davranışlarını təkrarlayarsa zaman keçdikcə bu onun psixoloji cinsində, psixoloji cinsi ilə əlaqədar təsəvvürlərində bir çaşqınlıq yarada bilər. Bir insan başqalarına qarşı mütəmadi olaraq kobud şəkildə davranırsa zaman keçdikcə özünü kobud insan olaraq hiss etməsi normaldır. Eləcə də yardımsevərliyi bir davranışa çevirən şəxs özünü xeyirxah biri olaraq hiss edir. Bu səbəbdən də qarşı cinsin davranışlarını vərdişə çevirən bir uşağın özünü qarşı cins olaraq hiss etməyə başlaması qaçılmazdır.

Uşağının cinsinin formalaşması mərhələli prosesdir. Əlbəttə ki, oğlan uşağı öz-özlüyündə gəlinciklə oynayırsa, bu narahatlıq üçün əsas deyil. Əgər ki,

Uşaq təkrar-təkrar özünün qarşı cins olmaq istəyini ifadə edir və ya qarşı cins olduğunu israrlı şəkildə bildirirsə;

Qarşı cinsə aid geyimlər seçirsə; güçlü şəkildə qarşı cinsin oyunlarını və rollarını mənimsəyir və ya qarşı cinsin üzvü olduğuna aid bitmək bilməyən xəyallar qurursa;

Qarşı cinsin streotipik oyunlarına qatıla bilmək üçün güclü istəyi varsa;

Oyun oynadıqda tərəfdaşlarını və dostlarını israrla qarşı cinsdən seçirsə vəziyyəti patoloji olaraq dəyərləndirmək üçün kifayət qədər əsas var.

Hormonlar yoxsa psixoloji amillər Gender İdentikliyi Pozuntusunun yaranmasına səbəb olur? Bətndaxili inkişafda beynin formalaşması mərhələsində hormonlarda olan dəyişikliklər Gender İdentikliyi Pozuntusu üçün əsas ola bilər. Hesab edin ki, hormonlar ilkin təbii şərt, psixoloji amillər isə hərəkətverici qüvvədir. Bu istiqamətdə fikirlər ikiyə haçalanır. 1973-cü ildə Amerika Psixiatrlar Birliyi homoseksuallığı DSM-3-dən çıxararaq bir xəstəlik hesab etmədiyini bildirdi. Gender İdentiklik Pozuntusunun da bir xəstəlik hesab edilib edilməməsi elm müstəvisində artıq müzakirə mövzusuna çevrilib. Gender İdentiklik Pozuntusunun xəstəlik olmadığını hesab edənlərin əsas arqumenti odur ki, bu uşaqların yeniyetməlikdə öz cinsinə seksual meylləri olacaq, homoseksuallıq isə xəstəlik hesab edilmir. Həmçinin, bu yanaşmanın tərəfdarları hesab edirlər ki, onlar öz hiss etdikləri cinslərini sevirlər və rahatdırlar, onlara narahatlıq yaradan isə cəmiyyət olduğu üçün dəyişən də cəmiyyət olmalıdır. Əks mövqedə olanlar isə razılaşmır. Arqumentləri odur ki, ayrılıq təşvişli uşaq da ana yanında olarkən, yəni mühit onun istədiyi kimi olarkən özünü yaxşı hiss edir, bu məntiqlə ayrıqlıq təşvişi də pozuntu hesab edilməməlidir. Onu da qeyd edirlər ki, məhz yad bədənə aid ruh daşıdıqları üçün bu şəxslər xəstə hesab olunmalıdır. Məsələnin dolaşıqlığı Gender İdentikliyi Pozuntusunun müalicəsinə də təsirsiz ötüşməyib.

Birincilər yəni, LGBT (lesbian, gey, bisexual, transsexual) meylli cəmiyyətlərdən olan mütəxəssislər hesab edirlər ki, bu uşaqlara yeniyetməlik dönəminə qədər heç bir müdaxilə olunmamalı, psixoloji cinslərinin dəyişdirilməsi istiqamətində heç bir psixoloji iş aparılmamalı, yeniyetməlik mərhələsinə qədər oyun terapiyası vasitəsilə uşaq müşahidə edilməlidir.Yalnız hormonal inkişafının zirvəsinə, yəni yeniyetməlik dövrünə qədər oyun terapiyaları vasitəsilə müşahidə olunmalıdırlar, hormonların diktəsindən sonra necə davranmağa qərar vermək olar. Əks cəbhədən olan mütəxəssislər isə, uşağın bioloji cinsinə uyğunlaşdırılması istiqamətində risk amillərini aradan qaldırmaqla davranışçı, oyun və ailə terapiyaların aparılmasını tövsiyə edirlər.

– Həlli varmı?

Psixoloq uşaqda mühit şərtlərinin təsiri nəticəsində psixoloji cinsi ilə əlaqədar çaşqınlıqmı yaranıb, yoxsa uşaq hər hansı zorakılıq qurbanı olduğu üçün belə davranır, və ya bu davranışlar ailədaxili problemlərə qarşı bir etirazdırmı suallarının cavabını ailə, oyun, davranışçı terapiyaların tətbiqi vasitəsilə aşkarlamağa və risk faktorlarını önləməyə çalışacaq.

Lakin uşaq həqiqətən də qarşı cinsə aid xüsusiyyətlərə malikdirsə psixoloji iş bir məqamdan sonra ailəyə situasiyanı qəbullanmaq istiqamətində dəstək olmağa istiqamətlənəcək. Bu istiqamətli iş uşağın daha az zərər çəkməsinə səbəb ola bilər. Bu halda uşağa qarşı zor tətbiqi, onu bu davranışdan çəkindirmək üçün hər hansı məcburiyyətlərin yaradılması xoşagəlməz nəticələr verə bilər. Məsələnin kökünü aşkarlamaq üçün məcburiyyətə deyil, anlamağa üstünlük verməyiniz tövsiyə edilir.

İlahə