Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. O, Fuad Məmmədzadənin 20 il, Ramil Əsirovun 20 il, Elmir Alxasovun 20 il, Abbas Hümmətovun 19 il 6 ay, Fuad, Elmir Əsədovun 18 il, Cavid Alxasovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Fuad Məmmədzadə, Elnur Alxasov və digərləri qabaqcadan əlbir olaraq 2013-cü ilin fevral-mart aylarında Cavid Alxazovun Xəzər rayonu, Qala qəsəbəsində yerləşən evində narkotik vasitə olan marixuana əkib-becərmək və satıb pul qazanmaq barədə razılığa gəliblər. Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumu əldə etdikdən sonra 25 ədəd dibçək və torf alıb Abbas Hümmətovun maşını ilə həmin həyətə gətirərək orada əkib-becəriblər.
Təxminən iki aydan sonra narkotik vasitələrin becərilməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər. Törətdikləri cinayəti gizlətmək məqsədilə onu öldürməyi qərara alıblar və son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlayıblar.
21 may 2013-cü ildə A.Hümmətov və digərləri E.Hümmətovu yolda görüb onu aldadaraq maşına otuzdurub, narkotik becərdikləri ünvana gətiriblər. Evə gətirdikdən sonra ona narkotik yetişənə qədər bağda qalacağını bildirib, heç kimlə əlaqə saxlamamasını tələb ediblər. Həmin gecə E.Hümmətov onlarla birlikdə bağda qalsa da, ertəsi gün qaçmağa cəhd etdiyini görüncə, onu boğub öldürüblər. Meyiti sellofan torbaya qoyub həyətdə qazdıqları quyuya ataraq, üstünə beton töküblər.
Dəstə üzvləri həmin ilin iyul-avqust aylarında yetişdirdikləri 40 kq marixuananı qurudaraq kibrit qutularına qablaşdırıb istintaqa məlum olmayan şəxslərə satmaqla 15 min manat pul qazanaraq aralarında bölüşdürüblər.
Xatırladaq ki, təqsirləndirilən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən E.Hümmətov isə əmisi nəvəsidir.