Bir neçə gün öncə Misirdə növbəti Beynəlxalq İnformatika Olimpiadası -İOİ 2024 başa çatıb. Dünyanın ən nüfuzlu, bütün qlobal şirkətlərin izlədiyi, mötəbər bir beynəlxalq yarışmadır. ADA Universitetinin professoru, buradakı İT Məktəbin keçmiş dekanı Araz Yusubov pul tapa bilmədiyinə görə bu mötəbər tədbirə qatıla bilməyib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz məlumat paylaşıb. O bildirib ki, Azərbaycan üçün şərəf gətirən, nüfuzlu bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunan az saylı şəxslərdən biri olasan, amma pulsuzluqdan orada iştirak edə bilməyəsən:
“Araşdırma ilə müəyyən etdim ki, Araz Yusubov çox çalışıb ki, vəsait əldə etsin. Lakin nə bu sahəyə məsul qurum olan Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu, nə sponsor olan “Azercell”, nə də Olimpiadaya Hazırlıq Mərkəzi Beynəlxalq Komitə üzvünün səfərini maliyyələşdirə bilməyib. Hansı ki sadəcə yol xərci, təxminən 2-3 min manat ödənilməlidir.
Doğurdanmı adı çəkilən qurumlar bu vəsaiti tapa bilməyiblər. Görəsən 4-5 nəfər komanda üzvü üçün yol xərcinin ödənildiyi halda, bu olimpiadanın rəhbəri statusunda olan bir şəxsin yol xərci üçün vəsait tapılmaması nə dərəcədə ağlabatandır. Kim edib bunu, nə üçün edib?
Ümid edirəm bir daha təkrarlanmaması üçün, bu tip proseslərdə Azərbaycan maraqlarının və sadəcə ədalətin təmin edilməsi üçün nazir Emin Əmrullayev araşdırma və tədbir görmək üçün tapşırıq verəcək”.