Türkiyənin “Kadir-Has” Universitetinin professoru Mitat Çelikpala “Cümhuriyyət” qəzetinə verdiyi açıqlamasında Ermənistan-Azərbaycan münasibətləri barədə danışıb. Tribunainfo.az xəbər verir ki, o, iki ölkənin XİN başçıları arasında Almatı görüşünün səmərəsiz olduğunu iddia edib.
Türk professor bildirib ki, həmin görüşdə iki ölkə arasında fikir ayrılıqları aradan qaldırılmadığından və sülh müqaviləsi imzalanmadığından Almatı görüşü Almaniyanın vasitəçilik etdiyi iki görüşdən fərqlənməyib.
Çelikpala iddia edib ki, Azərbaycan və Ermənistan arasında Türkiyənin vasitəçi olması mümkün deyil. O, bildirib ki, Ankara bu prosesdə tərəflərdən biridir.
Lakin buna baxmayaraq, o, Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanmasını mümkün hesab edir. Üstəlik, bununla bağlı tarix də verməkdən çəkinməyib. “Sazişin imzalanması 2024-cü ilin yayın sonuna qədər, Bakıda “İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası” – COP29-un çağırılmasına qədər ola bilər. Yəni, ən geci noyabra qədər tərəflər arasında sülh razılşaması əldə olunacaq”.