Azərbaycan prezidenti yanında Apellyasiya Şurası və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaranmasının 1 ili tamam olub.
Azərbaycan prezidenti yanında Apellyasiya Şurası və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaranmasının 1 ili tamam olub.
TİA.AZ Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev deyib ki, fəaliyyət göstərdiyi bir il ərzində şuraya hüquqi və fiziki şəxslərdən 907 müraciət daxil olub. Onlardan 572 şikayət şuraların səlahiyyətinə aid olmadığından, sosial məsələlərlə, digər mübahisələrin həlli ilə bağlı olduğundan şikayətlərə baxılması qaydası müraciət müəlliflərinə izah edilməklə araşdırılıb tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib.
Apellyasiya şuralarına bu qurumların səlahiyyətinə aid 335 müraciət daxil olub. Onlardan 41 şikayət şuraların fəaliyyəti və təşkilati məsələlərin həlli ilə əlaqədar təkliflər barədə olub. 263 şikayət isə prosedur qaydalara əməl edilmədən birbaşa yuxarı apellyasiya instansiyasına verildiyindən qanunvericiliyin tələbinə uyğun olaraq baxılması üçün icra hakimiyyətlərinə, onların Apellyasiya şuralarına göndərilib.
Şuraların səlahiyyətlərinə aid olan müraciətlər əsasən torpaq sahələri, tikinti işlərinin aparılması ilə bağlı mübahisələr, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, özəlləşdirmə, xidmətlərin göstərilməsi və digər məsələlərlə əlaqədar olub.
İcra hakimiyyətlərinə, onların Apellyasiya şuralarına göndərilmiş 263 şikayətdən 232-si yerlərdə öz həllini tapb. Şuraların qərarları ilə razılaşmayan 31 sahibkar isə Prezident yanında Apellyasiya Şurasına təkrar müraciət edib.
Onlardan 26 şikayətə Prezident yanında Apellyasiya Şurasında baxılıb. Nəticədə 20 qərar ləğv edilib, 6 qərar qüvvəsində saxlanılıb, 5 şikayət isə baxışa hazırlıq mərhələsindədir. Ləğv edilmiş 20 qərardan 7-si qanunun tələbinə uyğunlaşdırılıb, 13 şikayət tam, hərtərəfli, obyektiv araşdırılması, qanuni qərar qəbul edilməsi üçün yazılı göstərişlə Apellyasiya şuralarına qaytarılıb.
Sədr bildirib ki, fəaliyyət göstərdiyi ilk altı ay ərzində Prezident yanında Apellyasiya Şurasına 679 şikayət daxil olduğu halda, sonrakı altı ayda onların sayında ciddi azalma müşahidə edilib, üç dəfə az – 228 şikayət qeydə alınıb. “Bu hallar, görülən digər tədbirlər daha çox profilaktik əhəmiyyət kəsb edib, aidiyyəti qurumlara daxil olan şikayətlərin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub”.
Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına 519 şikayət daxil olub. Şuraların səlahiyyətinə aid olmayan 342 şikayətə baxılmasından imtina edilib, 144 şikayət araşdırılması üçün icraata götürülüb. Eyni zamanda, 33 şikayət əsaslı olduğundan şuraların iclasına çıxarılanadək təmin edilib. İcraata götürülmüş şikayətlərin 55,5 faizi təmin edilib, 36,8 faizi təmin edilməyib, 3,5 faizi üzrə yeni qərarlar qəbul olunub, 4,2 faizi hazırda baxılma mərhələsindədir.
Qanunvericiliyin tələblərini pozmuş, şikayətlərin həllində nöqsanlara yol vermiş, səthi araşdırma aparmış 16 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.