Prezidentin dediklərini yuvarlaqlaşdırsaq, Söyüdlü hadisələri təxribatdır, onu daxildən və xaricdən təşkil edənlər var, əhali ekologiya ilə bağlı tələblərində haqlıdır, amma polisə daş atanlara heç cür haqq qazandırmaq olmaz, polis aksiyanın qarşısını almaqda düz edib və tamamilə haqlıdır, hələ çox təmkinli davranıb, ETSN ekspertizanın nəticələrini indiyə qədər təqdim etməməklə yarıtmaz iş ortaya qoyub.
Tribunainfo.az yazır ki, bu barədə danışan jurnalist, Azvizion.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, Söyüdlü hadisələri baş verəndə hakimiyyətin mövqeyini müdafiə edənlər də məhz bu cür düşünürdülər. O bildirib ki, biz də bu fikirdə olmuşuq və predidentin dediklərinin əksini düşünmürük:
“Biz də deyirdik ki, hadisələr təxribatdır, onu xaricdən təşkil edənlər var, polisə daş atmaq olmaz, polisin əmrə tabe olmayanlara güc tətbiq etmək hüququ var, mütləq ekspertiza keçirilməli, onun nəticələrinə əsasən qərar verilməlidir.
Bu fikirlərdən başqa nəsə deyəni şəxsən mən görməmişəm. Prezidentin çıxışından sonra da kimlərinsə başqa mövqedə olduğunu görməmişəm”.