Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Tribunainfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dirçəliş, inkişaf ideyalarının və strategiyasının həyata keçirilməsində Sizə yeni uğurlar və qələbələr arzulayırıq. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə güclü, müasir, firavan, bir çox sahələrdə heyrətamiz nailiyyətlər əldə edən, regional və qlobal məsələlərdə əsas aktor rolunu oynayan ölkəyə çevrilib.

Biz dövlət quruculuğu və institusional inkişaf, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və ölkənin sosial-iqtisadi strukturuna reinteqrasiyası, iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, respublikanın regional və qlobal məsələlərdə fəal rolu ilə bağlı əldə olunan nailiyyətlərə heyranıq.

Azərbaycanın işğal edilmiş ərazilərinin tarixi Qələbə ilə azad edilməsindən və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra həyata keçirilən quruculuq proqramı miqyası, sürəti və keyfiyyəti baxımından misilsizdir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Proqramının həyata keçirilməsi təqdirəlayiqdir.

Müharibədən sonrakı dövrdə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda davamlı sülhün və sabitliyin bərqərar olması istiqamətində nümayiş etdirdiyiniz əzmkar səyləri də yüksək qiymətləndiririk.

Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq məsələlərdə öz rolunu və nüfuzunu möhkəmləndirməkdə davam edir. Bakıda COP 29 Sammiti kimi qlobal əhəmiyyətli tədbirin uğurla keçirilməsi bunun əyani sübutudur. Beynəlxalq məsələlərin bir çox aspektlərində prinsipial və ardıcıl mövqeyiniz, qarşıya qoyulan məqsədlərə nail olmaq bacarığınız sayəsində Siz dünyada yüksək nüfuz və hörmət qazanmısınız.

Cənab Prezident, biz regional təşkilat olaraq irəli sürdüyünüz təşəbbüslərin həyata keçirilməsi işinə dəstək verməyə hazırıq. Həmçinin Azərbaycanın GUAM-a üzv dövlətlər arasında bölüşə biləcəyi təcrübəsini öyrənməkdə də maraqlıyıq. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirir, onun getdikcə daha da güclənəcəyinə inanırıq.

Zati-aliləri, doğum gününüz münasibətilə Sizə bir daha səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə bütün ideya və təşəbbüslərinizi həyata keçirmək üçün tükənməz enerji arzulayırıq”.

***

İsrail-Azərbaycan Birgə İqtisadi Komitəsinin sədri, İsrail Dövləti Maliyyə Nazirliyində nazir Zeev Elkindən:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə İsrail Dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz sarsılmaz fədakarlıq olduqca təqdirəlayiqdir. Sizin liderliyinizlə xalqınız davamlı olaraq tərəqqi və uğur yolunda irəliləyir.

Xalqlarımız arasında tərəfdaşlıq və dostluq Sizin rəhbərliyinizlə inkişaf edir və biz bu dəyərli əlaqələri gələcək illərdə daha da dərinləşdirməyi səbirsizliklə gözləyirik.

Bu əlamətdar günün sevdiklərinizin və Sizi sevənlərin əhatəsində Zati-alinizə böyük sevinc bəxş etməsini diləyirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram.

Doğum gününüz mübarək, cənab Prezident!”

***

Bolqarıstan Prezidenti Rumen Radevdən:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.

Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.

Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.