Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilmiş iclasındakı yekun nitqində dediyi fikirlər Ermənistanda ciddi qorxuya səbəb olub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən gün keçirilmiş iclasındakı yekun nitqində dediyi fikirlər Ermənistanda ciddi qorxuya səbəb olub.
TİA.AZ xəbər verir ki, Azərbaycan prezidenti torpaqlarımızda ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini açıqlayıb:
“Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir – status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.
Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü istənilən vaxt hərbi yolla bərpa edilə biləcəyini vurğulayıb.
“Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək” – deyə Prezident diqqətə çatdırıb.
Azərbaycan liderinin bu bəyanatları düşmən tərəfində ciddi narahatlıq yaradıb. Ermənistan mediasının gündəmini təhlil edərkən bunu aydın görmək mümkündür.
Erməni politoloq Serqey Minasyan bildirib ki, Qarabağda toqquşmalar mümkündür: “Aprel müharibəsində Azərbaycan minlərlə hektar əraziyə nəzarəti ələ aldı. Bu, onlar üçün böyük stimuldur və istənilən an yeni müharibənin baş verməsi labüd görünür. Bu, Ermənistana yaxşı heç nə vəd etmir”.
Erməni jurnalist Naira Ayrumyan hazırda Bakının əlinin güclü olduğunu yazıb.
“Dağlıq Qarabağda təmas xəttində atəşkəsə nəzarət mexanizmi yaradılacaqdı. Vyanada belə razılaşma olmuşdu. Lakin Bakı və Moskva bunun baş tutmamasına nail oldular və öz aralarında razılaşdılar. Xüsusilə ərazilərin qaytarılmasını nəzərdə tutan “Lavrov planı” ətrafında razılaşma var”, – deyə o bildirib.
Erməni jurnalist Qarabağda yeni müharibənin başlaya biləcəyini, bunun Ermənistan üçün daha mənfi nəticələrə səbəb olacağını vurğulayıb. Ermənistan hakimiyyətini tənqid edən Naira Ayrumyan Serrj Sarkisyanın və komandasının heç nəyin fərqində olmadığını qeyd edib.