Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.
Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib. Digər tərəfdən, belə müəssisələrin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradıb. Belə müəssisələrdən biri də “Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatıdır.
Məlumat verildi ki, bu layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq “Dostluq” yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq “Xocavənd” yarımstansiyasından yüksəkgərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin, ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. “Qarabağ Taxıl” MMC “Səba” şirkətinin müəssisəsi və istehsal sahələrindən biridir. Şirkətin səhmlərinin 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. “Səba” MMC-yə, həmçinin “Səba” quş əti istehsalı müəssisəsi, “Biləsuvar Aqro” MMC-nin süd məhsulları zavodu, “Dəvəçi Broyler Dərin Emal” MMC aiddir.
Prezident İlham Əliyevə təsərrüfatda soya və silosluq qarğıdalı biçini, buğda səpini prosesi nümayiş olundu.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına istehsal prosesi haqqında məlumat verdi.
Azərbaycan Prezidenti soya paxlasının əkin sahələri, məhsuldarlıq, istehsalı, ixracı, emalı və idxalın əvəzlənməsi imkanlarına dair məlumatları əks etdirən stendlərə baxdı.
Soya paxlasının emalından soya jmıxı, şrotu və soya yağı alınır, eləcə də soya paxlasının 85-90 faizi yem və bitki yağına çevrilir. Yem tamamilə heyvan qidası üçün istifadə edilir. Quşçuluqda qidalanmada soyanın xüsusi çəkisi 32-35 faiz, dəyər çəkisi isə 48-53 faizdir. Heyvandarlıqda isə bu göstəricilər müvafiq olaraq 18-20 faiz və 53-58 faiz təşkil edir.
“Səba” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Quliyev dövlətimizin başçısına məlumat verdi ki, müəssisə ölkədə yetişdirdiyi quşları öz yemi ilə bəsləyən yeganə şirkətdir. Burada yetişdirilən qarğıdalı və digər dənli bitkilər, soya məhsulu “Səba” quşlarının əsas yemini təşkil edir. 2013-cü ildən bu müəssisə “Səba” quşçuluq sahəsinin idxal olunan qarğıdalı yeminə tələbatını yerli məhsul hesabına tam aradan qaldırıb. Bu ildən böyük sahədə becərilməyə başlayan soya isə növbəti illərdə soyaya da idxal tələbini aradan qaldıracaq.
Diqqətə çatdırıldı ki, qarğıdalı və ondan alınan məhsullar üzrə respublikanın illik tələbatı təxminən 600 min ton, soyada isə 160 min ton təşkil edir. Bu məhsulların idxalının əvəzlənməsi üçün əlavə olaraq 50 min hektar qarğıdalı, 40 min hektar soya əkilməsinə ehtiyac var.
Sonra dövlətimizin başçısı iri fermer təsərrüfatlarının, aqroparkların, eləcə də “Qarabağ Taxıl” MMC-nin fəaliyyətlərini, həmçinin müəssisənin ilkin və mövcud vəziyyətini, təsərrüfatda dövlət investisiyası hesabına görülən işləri əks etdirən stendlərlə tanış oldu.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Hazırda Şəmkir rayonunda ərazisi 543 hektar olan aqroparkda logistik mərkəz, çeşidləmə və qablaşdırma, istixana, bağçılıq, tingçilik və digər istehsal, həmçinin infrastruktur müəssisələri yaradılır. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bildirildi ki, təsərrüfatın yarandığı ilk illərdə 2250 hektar sahədə ərzaq buğdası əkilib və hər hektardan 5,5 ton olmaqla 12,4 min ton məhsul götürülüb. 2000 hektar sahədə isə qarğıdalı əkilib və hər hektardan 12 ton olmaqla 24 min ton yüksək keyfiyyətli məhsul istehsal edilib. Bu il növbəli əkinlə əlaqədar 250 hektar sahədə taxıl biçini aparılıb və hər hektardan 5,7 ton olmaqla 1,4 min ton taxıl götürülüb. İki min hektar dənlik qarğıdalı əkini sahəsində də biçin aparılıb. Hər hektardan 14 ton olmaqla 28 min ton məhsul əldə edilib. 1600 hektar soya əkini sahəsinin 1000 hektarında aparılan biçin zamanı hər hektardan 3,3 ton olmaqla 3,3 min ton məhsul istehsal edilib. Taxılı biçilmiş 160 hektar ərazidə isə silosluq qarğıdalı əkilib və yaxın günlərdə yaşıl kütlənin biçininə başlanılacaq. Təsərrüfatda dənlik qarğıdalıda məhsuldarlıq hər hektardan 140 sentnerədək, taxılda 60 sentnerədək və soya paxlasında isə 35 sentnerədək təşkil edir. Bundan əlavə, layihənin ikinci mərhələsi üzrə 1000 başlıq müasir heyvandarlıq kompleksinin yaradılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 130-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 350 manat təşkil edir. Təsərrüfatda 20 adda 80 kənd təsərrüfatı texnikası və bütün infrastruktura malik özəl aqroservis yaradılıb. Buradakı təsərrüfat texnikası dünyanın aparıcı şirkətlərinin istehsalıdır və yüksək məhsuldarlıq əldə etməyə geniş imkan yaradır. İki hektar sahəsi olan aqroservisdə texniki təmir, yanacaqdoldurma, texnikanın yuyulması məntəqələri və digər infrastruktur var.
Təsərrüfat ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşdü.