Prezident İlham Əliyev Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib.
TİA.AZ xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına – 1-ci dərəcəli “Əmək” ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.
Dövlət başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Tahir Salahovun 90 yaşı tamam olur. Dünən İlham Əliyev T.Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda, İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalq rəssamına təbrik məktubu ünvanlayıblar.