backend

Prezident sərəncam verib, heykəl isə qoyulmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın bir nümayəndəsi gəldi, dedi işi başa çatdırmaq üçün maliyyə ayrılacaq.  

SOCAR-ın bir nümayəndəsi gəldi, dedi işi başa çatdırmaq üçün maliyyə ayrılacaq. 

Sonra araya 2016-cı ildəki Avropa Çempionatı düşdü. Dedilər çempionatdan sonra heykəli tamamlamaq üçün pul ayrılacaq. Hələ bir xəbər yoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq qəhrəmanı Babəkin heykəlinin böyük formatda hazırlanması işi ilə məşğul olan heykəltəraş Rəşid Hüseynov deyib.

2011-ci ildə Prezident İlham Əliyev Bakıda görkəmli sərkərdə Babəkin heykəlinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəli hazırlamaq heykəltəraş Arif Qazıyevə tapşırılıb. O, iki metrlik modeli hazırlayıb, təhvil verib. Sonrakı mərhələ modelin böyük formatda hazırlanması prosesidir ki, hazırda bu işlə Rəşid Hüseynov məşğul olur. 

Bu ilin aprel ayında Bədii Yaradıcılıq Kombinatından reportaj hazırlamışdıq. O zaman Rəşid bəy bizə müsahibəsində qaranlıq qalan məsələlərə aydınlıq gətirmişdi: “Arif müəllim 35 il bu heykəlin üzərində işləyib. Heykəlin hazırlanması ideyası məhz ona məxsusdur. Prezident İlham Əliyev 2011-ci ildə 2 metrlik heykələ baxandan sonra sərəncam verdi ki, Bakıda 10 metr hündürlüyündə belə bir heykəl qoyulsun. Heykəlin böyüdülməsi işini ukraynalılara sifariş verdilər. Ukraynalılar da Müşfiqabad qəsəbəsinin Dəvəli sexlərində 10 metr hündürlüyündə heykəl hazırladılar. Arif müəllim onların işini bəyənməyib, mənə müraciət elədi. Dekabr ayının əvvəlindən işə başladım və bütün qışı işləyib, 10 metrlik heykəli hazırladım. Öz cibimizdən xərcləyirik. İndiyə qədər 10-15 min manat Arif müəllim, elə bir o qədər də mən xərcləmişəm.

Heykəlin maliyyələşdirilməsi ilk gündən SOCAR-a tapşırılıb. Arif müəllim layihənin smetasını bir dəfə hazırlayıb SOCAR-a təqdim edib. SOCAR smetanı bəyənməyib və deyib ki, məbləği özümüz hazırlayacağıq. Sonra da Arif müəllim smeta ilə maraqlananda ona bu barədə məlumat verməyiblər. Məhz maliyyə məsələsi ilə əlaqədar iş bu qədər ləngiyir”.

Heykəl hazır olandan sonra Babək prospektinin sonunda yerləşən böyük meydanda qoyulacaq, üzü şəhərə tərəf dayanacaq. Ayağının altında budaq formasında postament olacaq. Postamentin hündürlüyü 8, heykəlin hündürlüyü isə 10 metr olacaq.