Prezident Qlobal Bakı Forumunda çıxış edir: “Bu bizə dərs oldu…”

Prezident Qlobal Bakı Forumunda çıxış edir: “Bu bizə dərs oldu…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

“Biz əvvəlki illərdə daha çox iqtisadi müstəqilliyə diqqət edirdik. Ölkə iqtisadi baxımdan müstəqil olmazsa, o ölkə müstəqil xarici siyasət yürüdə bilməz”. Bu sözləri prezident İlham Əliyev Bakıda keçirilən VI Qlobal Forumda çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, Azərbaycanın iqtisadi artımı elə bir imkan yaratdı ki, ölkə müstəqil xarici siyasəti uğurla həyata keçirə bilsin. “Bu siyasət Azərbaycan xalqının maraqlarına əsaslanır, universal dəyərlərdən qaynaqlanır. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox artıb, bu, dünya miqyasında rekorddur”, – dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu təşkil edilib. Qısa zamanda bu təsisat mühüm platformaya çevrilərək, qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə imkan yaradır.

Prezidentin sözlərinə görə, tədbirdə iştirak etmək üçün 50-dən çox ölkədən nümayəndə Azərbaycana gəlib: “500-dən artıq qonağımız var. Onların arasında 47 ölkənin hazırkı dövlət və hökumət başçıları, siyasətçilər, tanınmış alimlər, ziyalılar, həmçinin vətəndaş cəmiyyətinin fəalları var. Əminəm ki, bu tədbir çərçivəsində biz beynəlxalq münasibətlərin gündəliyinin ən vacib məsələlərini müzakirə edəcəyik. Bilirəm ki, biz təhlükəsizliyi, sabitliyi bütün dünyada təmin etmək üçün tövsiyələr irəli sürəcəyik. Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlər əməkdaşlığa xidmət edir, boşluqları aradan qaldırmağa zəmin yaradır”.

“Məqsədimiz sabitliyin, təhlükəsizliyin xalqlar arasında qarşılıqlı birgə yaşamanın gücləndirilməsinə yönəlib. Azərbaycanda dözümlülük həyat tərzidir”, – dövlət başçısı əlavə edib.

İlham Əliyev xatırladıb ki, iki aydan sonra – mayda Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd olunacaq.

“Biz bundan qürur hissi keçiririk. Onlar müsəlman aləmində ilk demokratik respublika qurdular, bununla fəxr edirik”-Azərbaycan prezidenti deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı azad cəmiyyətdə yaşamaq istədiyini sübut edib: “Respublikanın qurucuları elə bir cəmiyyət qurulmasını istəyirdilər ki, orada bütün insanların hüquqları qorunsun. Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Azərbaycanın inkişafında rolu böyükdür. Onlar 100 il öncə mühüm qərarlar qəbul ediblər, məsələn, onlar qadınlara səsvermə hüququnun verilməsini qəbul ediblər. Bu, Avropa dövlətlərindən əvvəl olub. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu çox çəkmədi, iki ildən az oldu. Cümhuriyyətin süqutu bizə dərs oldu. Müstəqilliyi qazanmaq onun qorunmasından daha asandır. Azərbaycan bu gün sözün əsl mənasında tam müstəqil ölkədir. Gələcəklə bağlı qarşımızda çox aydın planlar var. Azərbaycan Demokratik Respublikasının qurucuları ölkənin bugünkü inkişafını görsəydilər, qürur hissi keçirərdilər. Ölkələr yalnız müstəqil olanda inkişaf edə bilər. Azərbaycanın da inkişafı bu cürdür”. TİA.AZ