Prezident Mehriban xanıma təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm.” 

“Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. 

Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın.”


TİA.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə deyib.

“Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir – 2012-ci ildə “Avroviziya” mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, – o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, – və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir. Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm”, – Prezident bildirib.

İlham Əliyev bu qələbəni şərtləndirən, qələbəyə aparan bütün qurumların çox yaxşı işlədiyindən şad olduğunu qeyd edib və həm əvvəlki illərdə, həm Oyunlar ərəfəsində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, idmançıların bir komanda, bir ailə kimi bir amala xidmət edərək, bu qələbəni mümkün etdiklərini vurğulayıb.

“Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib. Bu Əməliyyat Komitəsi Avropa Oyunlarının da təşkilini təmin edibdir və xarici mütəxəssislər də bizə kömək göstəriblər. Oyunların açılış və bağlanış mərasimləri də çox möhtəşəm idi. Mən yaxşı bilirəm ki, Təşkilat Komitəsi bu iki möhtəşəm təqdimatla çox ciddi məşğul olub. Həm açılış, həm bağlanış mərasimi ölkəmizin imkanlarını, xalqımızın istedadını göstərir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan və Azərbaycan xalqı öz milli, dini dəyərlərinə sadiqdir, onları qoruyur”, – Prezident qeyd edib.