Prezident İlham Əliyev Cəlilabad və Lənkəran rayonlarında olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Cəlilabad rayonuna səfər edib.

 

Prezident İlham Əliyev Cəlilabad rayonuna səfər edib.

TİA.AZ-ın məlumatına görə, dövlət başçısı səfər çərçivəsində bir neçə avtomobil yolunun, habelə sosial-iqtisadi təyinatlı obyektlərin açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə Cəlilabad şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini yad edib.

Daha sonra prezident Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb.

Bunun ardınca Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışı olub. 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilən yolun ümumi uzunluğu 173,6 kilometrdir. Avtomobil yolu bir neçə hissə üzrə inşa olunur.

Dövlət başçısı Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində də iştirak edib. Bildirilib ki, bu layihə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub.

Prezident İlham Əliyev Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə də tanış olub. Burada “Şəbəkə” xidmət mərkəzi yaradılıb. Nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bir məkanda təqdim ediləcək.

Dövlət başçısına mərkəzdəki elektron hökumət ödəmə sistemi barədə məlumat verilib. Bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Mərkəzdəki “Elektron imza” və “Elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, vətəndaşlar mərkəzdən aviabiletlər əldə edə bilərlər.

Prezident əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında da iştirak edib. 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən bu yolun ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir.

Dövlət başçısı Cəlilabadda “Günəşli-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub. Aqroparkın sahəsi 1600 hektardır. Onun 1200 hektarında müasir suvarma – pivot sistemləri quraşdırılıb. Aqroparkın torpaqlarının 563 hektarında arpa, 530 hektarında şəkər çuğunduru, 219 hektarında buğda, 160 hektarında pambıq, 68 hektarında qarğıdalı, 60 hektarında isə yonca əkilib. Əkilmiş sahələrdən 1745 ton arpa, 610 ton buğda, 1278 ton qarğıdalı, 20 min ədəd yonca və 30 min ədəd saman bağlaması götürülüb.

Cəlilabadda “Avanqard” Məhdud Məsuliyyətli Cəmiyyətinin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi də istifadəyə verilib. Bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün bütün zəruri avadanlıqla təchiz edilib.

Sonra prezident İlham Əliyev Lənkəran rayonunda olub. Bu rayona səfərinə də ulu öndərin abidəsini ziyarət etməklə başlayan dövlət başçısı ardından çay plantasiyasında olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli “Lənkəran çayı” brendi altında müxtəlif çeşiddə çaylar istehsal edilir. Daha sonra dövlət başçısı digər çay plantasiyasında olub. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır. Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir.

Prezident İlham Əliyev Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib. Girdəni kəndindəki bu çəltik təsərrüfatının ümumi sahəsi 225 hektardır. Hazırda 35 hektar sahədə əkin aparılıb. Gələcəkdə çəltik sahəsinin 27,5 hektar genişləndirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev Lənkəranda otel kompleksinin açılışında da iştirak edib. Otel kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Otel kompleksinin ərazisində, həmçinin 8 kottec qonaqların istifadəsinə verilib.

TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: