Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniya xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.
Tribunainfo.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, bu məsələdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb. Vaşinqton görüşündəki razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında nəqliyyat bağlantısının açılmasının önəminə toxunub.
Estoniyanın xarici işlər naziri Ermənistanın Qazaxıstandan idxal etdiyi taxılın Azərbaycan ərazisindən tranzit yolu ilə daşınmasına ölkəmiz tərəfindən icazə verilməsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addım olduğunu vurğulayıb.Nazir ölkəmizə geniş tərkibdə biznes nümayəndə heyəti ilə gəldiyini və Bakıda biznes forumun keçirildiyini deyib, bu cür tədbirlərin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirib.
Qonaq Estoniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrini dəstəklədiyini qeyd edərək, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı müsbət dinamikanın məmnunluq doğurduğunu deyib.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Tirana və Kopenhagendə görüşlərini məmnunluqla xatırlayıb, ölkəmizlə Avropa İttifaqı arasında enerji, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlıq üçün yeni perspektivlərin açıldığını qeyd edib.
Qonaq COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə də təbriklərini çatdıraraq, bu tədbirdə beynəlxalq iqlim gündəliyi ilə bağlı ciddi nəticələrin əldə edildiyini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.