Prezident: “Azərbaycanda insan hüquq və azadlıqları təmin edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların 3-cü iclası işə başlayıb. 

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların 3-cü iclası işə başlayıb.

TİA.AZ xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, Baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri İnam Kərimov və digər rəsmi şəxslər iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ölkə başçısı İlham Əliyevin müraciətini oxuyub.

Müraciətdə deyilir:

“Azərbayan dünyada tolerant mühitinin inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir. Bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə mühüm töhfəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu görüşünün Bakıda keçirilməsi həmçinin mühüm hadisədir. Azərbaycan bu il dayanıqlı inkişafa nail olan müasir ölkədir. Bu tədbirin ölkəmizdə keçirilməsi böyük hadisədir. Azərbaycan bu təşkilatın fəal üzvlərindən olmaqla yanaşı, iki zirvə toplantısına ev sahibliyi edib. Bu gün Azərbaycan dayanıqlı inkişafa malik müasir dövlətdir. Biz iqtisadi və sosial sahədə böyük nailiyyətlər əldə etmiş dövlətik.

Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, insan hüquq və azadlıqları təmin edilib. Dövlət xidmətlərində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üçün beynəlxalq təcrübədə ən yaxşı model kimi təqdim edilir. İƏT çərçivəsində baş tutan bu tədbir əməkdaşlığımızın inkişafına xidmət edəcək”.

İclasda çıxış edən Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) dekanı və icraçı katibi Martin Kreutner Bakıya beşinci dəfədir ki, səfər etdiyini bildirib:

“Təşəkkür edirəm ki, belə bir tədbir təşkil edilib. Bizim Akademiya beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir, 71 ölkəni bir araya gətirir. Çox şadam ki, Azərbaycan bu təşəbbüsdə iştirak edir. İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvündən 6-sı Akademiyanın üzvüdür, 4 təşkilatı da üzvlüyə dəvət edirəm. Korrupsiya ölkəyə zorakılıq, qeyri-sabitlik gətirə bilər. Ona görə də ölkənin iqtisadi inkişafında anti-korrupsiya tədbirləri mühüm əhəmiyyət daşıyır. Qlobal çətinlikləri birlikdə həll etməyə çalışaq. Tək Azərbaycan deyil, İqtisadi Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə əməkdaşlığa da həmişə hazırıq”.

Baş prokuror Zakir Qaralov isə Azərbaycanın İACA ilə davamlı əməkdaşlıq edəcəyini söyləyib:

“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İACA ilə fəal əməkdaşlıq edəcəyinə inanıram”.

Daha sonra tədbir iştirakçılarının təklifi ilə görüşə baş prokuror Zakir Qaralovun sədrlik etməsi dəstəklənib. Görüşün gündəliyi təsdiqlənib.

İclasda Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan,Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İƏT-in Baş Katibinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

İki gün davam edəcək tədbir zamanı beynəlxalq və regional qurumlar, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən həyata keçirilən ən yaxşı təcrübələr, effektiv mexanizm və tədbirlər, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yollarına dair məsələlər müzakirə ediləcək.