“Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq
Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaq”.
TİA.AZ-ın məlumatına görə, bunu Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük. Ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir. Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaq. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapıb. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaq. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək. Yəni, bu böyük sənaye müəssisəsinin timsalında biz siyasətimizi, aparılan işlərin nəticələrini görürük. 2015-ci ildə, – mən o günü yaxşı xatırlayıram, – zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməyib. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilib – böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir. Mən fürsətdən istifadə edərək italiyalı tərəfdaşlarımıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, onlar bundan sonra da Azərbaycanda uğurla fəaliyyət göstərəcəklər və belə böyük sənaye müəssisələrinin yaradılması gələcəkdə də aparılacaq, çünki buna böyük ehtiyac var”, – deyə o vurğulayıb.
Mən İtaliya Prezidenti cənab Sercio Mattarellanı bir daha salamlayıram. Qeyd etməliyəm ki, bu müəssisə Sumqayıt şəhərində yaradılır. Sumqayıt şəhərinə ilk dəfədir ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir. Bu, Sumqayıtın tarixi üçün də çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir. Sumqayıt sovet vaxtında kimya sənayesi şəhəri kimi yaradılıb. Sumqayıtın çox ciddi ekoloji problemləri var idi. Mən cənab Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi insanları çox narahat edirdi. Bütün bunlara son qoyuldu. Bu gün müasir müstəqil Azərbaycanda ən yüksək ekoloji standartlar təmin edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından ölkəmizin ən qabaqcıl yerlərində qərarlaşıb. Bu zavodun sumqayıtlılar üçün də böyük əhəmiyyəti olacaq. Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək. İtaliya Prezidentinin bu zavodun açılışında iştirakı bizi fərəhləndirir. Bu, doğrudan da gözəl hadisədir. Bu, əsl dostluq rəmzidir”.