Prezident: “Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 

Bu gün Bakıda Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
TİA.AZ xəbər verir ki, Azərbaycan prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi, şöbə müdiri Natiq Əmirov ölkə başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın işə başlanması müraciəti ilə təbrik edirəm.

Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə davam edən və irimiqyaslı layihələr icra edən ölkədir. Qlobal və regional səviyyədə mövcud olan çətinliklərə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, həyata keçirilmiş əsaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanılıb. Bu inkişaf tempinin davam etdirilməsində dövlət idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri sənədində bu sahəyə xüsusi diqqət yetirilib və çoxsaylı tədbirlər müəyyən edilib. Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ-hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi, maliyyə vəsaitlərinin istifadə olunmasında hesabatlıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iştirakçısı olduğunuz konfransa iqtisadi inkişafın mühüm amili kimi şəffaflığın artırılması və hesabatlığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir. İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirə və təhlillər ölkəmizdə hesabatlığın və auditin gələcək inkişafı kontekstində faydalı olacaq, iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində, korrupsiyaya qarşı mübarizədə dövlət və qeyri-dövlət nəzarətinin, müstəqil auditin rolunun daha da artırılmasına töhfə verəcək, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaq. Konfransın işinə uğurlar arzu edirəm”.

Qeyd edək ki, konfransın məqsədi demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının tətbiqi, mütərəqqi idarəetmə və nəzarət metodlarından istifadə edilməsi, prudensial nəzarət mexanizmlərinin yaradılması və risk əsaslı nəzarətə keçidin təmin edilməsi üzrə təcrübə mübadiləsi və müzakirə aparmaqdan ibarətdir.

Konfransda 15 ölkənin müvafiq audit və mühasibatlıq qurumlarını, beynəlxalq təşkilatları, ölkəmizin dövlət və qeyri-dövlət təşkilatlarını, özəl sektoru, elmi-tədqiqat institutlarını təmsil edən 65 qurumdan 150 nümayəndə iştirak edir.

Tədbirdə 40-a yaxın məruzə və 100-dən artıq tezisin müzakirəsi nəzərdə tutulur.

Konfrans çərçivəsində Azərbaycan Auditorlar Palatası və Rusiya Auditorlar İttifaqı və Estoniya Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənəd imzalanacaq.

Sentyabrın 23-də yekunlaşacaq tədbirin sonunda konfrans iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunacaq.