Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri tanınmış alim Arif Mehdiyevin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri tanınmış alim Arif Mehdiyevin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
TİA.AZ-ın məlumatına görə, nekroloqda deyilir:
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Şəfaət oğlu Mehdiyev 2016-cı il dekabrın 19-da ömrünün 83-cü ilində vəfat edib.
Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965-1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışıb. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlayıb. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilib. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olub.
2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra edib. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışıb.
Arif Mehdiyev 1969-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1987-ci ildə isə professor elmi adını alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Arif Mehdiyevin elmi araşdırmaları yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi. O, Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi altında aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılıb. Alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. O, kosmik fəzanın tədqiqi üçün nəzərdə tutulmuş müxtəlif cihazların yaradılmasında səylər göstərib. Arif Mehdiyev bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanınır. Onun tədqiqatları elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr verib. Alimin ekologiyaya aid əsərləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.
Arif Mehdiyev elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər ərzində Azərbaycan Neft Akademiyasının və Azərbaycan Aviasiya Akademiyasının professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak edib. Onun elm təşkilatçısı kimi də fəaliyyəti təqdirəlayiq olub.
Arif Mehdiyev respublikamızda və ölkənin hüdudlarından kənarda mötəbər beynəlxalq simpozium və konfranslarda, o cümlədən ümumdünya kosmik konqreslərində Azərbaycan elmini layiqincə təmsil edib.
Arif Mehdiyevin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə və 50-dən çox ixtirada öz əksini tapıb. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanıb.
Akademik Arif Mehdiyevin elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Arif Şəfaət oğlu Mehdiyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
Arif Paşayev
Tofiq Nağıyev
İbrahim Quliyev
İsa Həbibbəyli
Rasim Əliquliyev
Telman Əliyev