“Premium Bank” da ZƏRƏRDƏDİR: depozit portfeli 12 milyon azaldı

“Premium Bank” da ZƏRƏRDƏDİR: depozit portfeli 12 milyon azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Premium Bank” 2024-cü ilin birinci rübündə əvvəlki kimi qazana bilməyib.

Tribunainfo.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Premium Bank” bu ilin ilk rübündə 2,57 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 936 min manat və ya 27% azdır. 2023-cü ilin birinci rübündə bank 3,5 milyon manat xalis mənfəət açıqlayıb.

Buna səbəb isə bankın gəlirlərinin azalması fonunda xərclərinin artmasıdır. Belə ki, 2024-cü ilin ilk rübündə bankın faiz gəlirləri əvvəlki ilin birinci rübü ilə müqayisədə 200 min manat azalaraq 7,8 milyon manata düşüb. Faiz xərcləri isə əksinə, 300 min manat artaraq 2,9 milyona yüksəlib. Paralel olaraq “Premium bank”ın qeyri-faiz gəlirləri 600 min manat azalaraq ötən ilin birinci rübündəki 4,4 milyon manatdan 3,8 milyon manata enib.

Bundan əlavə, bankdakı haqq və komissiya gəlirləri 200 min manat azalaraq 3,1 milyondan 2,9 milyon manata, xarici valyuta dəyişmədən gəlirləri isə 1,3 milyon manatdan 900 min manata enib. Ümumilikdə bankın əməliyyat mənfəəti 2,93 milyon manat təşkil edib.

2024-cü ilin birinci rübündə bankın aktivləri daha 10 milyon manat azalaraq ilin əvvəlindəki 685,1 milyon manatdan 675,4 milyon manata enib. Bunun əsas səbəbi bankın nağd vəsaitlərinin son 3 ayda 25 milyon manat azalaraq 207,9 milyon manatdan 182,7 milyon manata enməsidir.

Bu dövrdə “Premium Bank”ın biznes kreditləri 7 milyon manat azalaraq 378,4 milyon manata enib. Bankın istehlak kreditləri portfeli isə əksinə, son üç ayda 19,3 milyon manatdan 32,3 milyon manata yüksəlib.

Bankın depozit portfeli isə “əriməkdə” davam edir. Belə ki, bu ilin birinci rübündə əhalinin bankdakı əmanətləri 4,7 milyon manat azalaraq 326,2 milyon manata enib. Şirkətlər isə son üç ayda bankdan 7,1 milyon manat depoziti geri çəkib. Nəticədə bankda hüquqi şəxslərin depozitləri 95,9 milyon manatdan 88,8 milyon manata enib. Ümumilikdə isə bankın öhdəlikləri 12 milyon manat azalaraq 507,8 milyon manatdan 495,7 milyon manata enib.

Dövr üzrə bankın cəmi kapitalı isə 1,1% artaraq 179,7 milyon manata yüksəlib.