Poroşenkonun şirkətinin Azərbaycandakı keçmiş işçisi məhkəmə qarşısındabackend

Poroşenkonun şirkətinin Azərbaycandakı keçmiş işçisi məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya məxsus “Roşen” şirkətinin Azərbaycandakı filialı olan “Azroşen” MMC-nin keçmiş işçisi Asif Bəşirov barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib və hakim Nemət Paşayevin icraatına verilib.
Asif Bəşirov Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.
Bu maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Məlumata görə, Asif Bəşirov “Azroşen” MMC-də vəzifəli şəxs olub. O, adıçəkilən şirkətə qarşı məlum cinayət əməlində təqsirləndirilir.
Ötən il Asif Bəşirov “Azroşen” MMC-ni məhkəməyə vermişdi. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrlə bağlı idi. Asif Bəşirov iddianı Nərimanov Rayon Məhkəməsində qaldırmışdı. Bu işin nəticəsi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
“Azroşen” MMC 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. “Azroşen”in qanuni təmsilçisi isə Hacıyev Akif Hüseyn oğludur.
“Roşen” şirkəti dünyanın ən iri qənnadı məmulatlarının istehsalçılarından biri hesab edilir.