Polşa millisinin əfsanəvi hücumçusu Robert Levandovski hazırkı baş məşqçinin rəhbərliyi altında millidə çıxış etməyəcəyini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Independent məlumat yayıb.
Məlumata görə, Polşa millisinin baş məşqçisi Mixal Probej Levandovskini kapitanlıqdan uzaqlaşdıraraq bu vəzifəni yarımmüdafiəçi Pyotr Zelinskinin öhdəsinə verib.
“Baş məşqçi bu qərarı şəxsən Robert Levandovskiyə, komandaya və məşqçilər heyətinə elan edib,” – Polşa Futbol Federasiyasının bəyanatında deyilir.
Levandovski qərara dərhal sosial şəbəkələrdə reaksiya verib və müvəqqəti olaraq millidən ayrıldığını bildirib:
“Baş verənlər və baş məşqçiyə olan etimadın itməsi səbəbindən Polşa millisində çıxış etməmək qərarına gəldim. Ümid edirəm ki, yenidən dünyanın ən yaxşı azarkeşləri üçün oynamaq şansım olacaq,” – deyə Levandovski yazıb.
Qeyd edək ki, Levandovski hazırda milli komandanın heyətində yer almır. O, buna səbəb olaraq uzun mövsümdən sonra yaşadığı fiziki və psixoloji yorğunluğu göstərmişdi.
36 yaşlı futbolçu Polşa yığmasının tarixində ən məhsuldar oyunçudur – 158 matçda 85 qol vurub. O, 2014-cü ildən millinin kapitanı idi.
Xatırladaq ki, Probej 2023-cü ildə istefaya göndərilən Fernando Santuşu əvəz edərək millini Avro-2024-ə çıxarıb. Lakin Polşa bu turnirdə ilk mübarizəni dayandıran komanda olub.
İmran Kərimli