Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmovu ona məxsus torpaq sahəsinin ələ keçirməkdə ittiham edən ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayətinə baxılıb.
Prosesdə sənədlər araşdırılıb, eyni zamanda qərara alınıb ki, növbəti iclasa Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi də dəvət edilsin.
Nazim Əmirov Abel Məhərrəmovla yanaşı onun xanımı Rəhimə Mahmudovanı da məhkəməyə verib. Buna səbəb torpaq sahəsinin Rəhimə Mahmudovanın adına rəsmiləşdirilməsidir.
Qalmaqala gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.
Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.
Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Lakin məhkəmə iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib.
Məlumatlarda o da qeyd edilir ki, polkovnik-leytenant hüquqi müstəvidə mübarizəsinin davam etdirməkdə israrlıdır.