Politoloq:”Bakı bu quruma daxil olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaxın gələcəkdə dağılma ehtimalı yoxdur.” 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaxın gələcəkdə dağılma ehtimalı yoxdur.”

Bu sözləri politoloq Arzu Nağıyev TİA.AZ-a açıqlamasında deyib. O, Rusiyanın bu təşkilatı özünü sığortalamaq məqsədilə yaratdığını bildirib:

“Rusiya beynəlxalq proseslərə müdaxilə etmək üçün keçmiş MDB dövlətlərindən hərbi blok yaradıb. Çalışdıqları odur ki, təşkilatı genişləndirsinlər, eyni zamanda, bunun hesabına sərhədlərdən kənarda müxtəlif proseslərdə iştirak etsinlər. Sərhəd yaxınlığındakı dövlətlərə hər hansı bir müdaxilə olarsa, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzərinə düşən məsuliyyətdir. Suriya proseslərində də bundan istifadə edildi. Burada məsələ ondan ibarətdir ki, təşkilata daxil olan digər dövlətlərdən də istifadə edilsin”.

Politoloq bildirib ki, KTMT-dən fərqli olaraq, Avrasiya İttifaqının dağılma ehtimalı ola bilər:

“Məhz buna görə amerikalı strateq Zbiqnev Bjezinski öz proqnozlarında buna əsaslanırdı ki, istər Rusiya, istərsə də MDB dövlətləri əvvəlcə özləri möhkəmlənməlidir, yalnız bundan sonra o qurumları möhkəmləndirmək üçün bu dövlətlər əlindən gələni etməlidir”.

Politoloq bildirib ki, Kreml karbohidratlarla zəngin Azərbaycanı da Avrasiya İttifaqına üzv etməkdə maraqlıdır:

“Azərbaycan müstəqil siyasət yürüdür. Düşünürəm ki, biz yaxın gələcəkdə də bu qurumun üzvü olmayacağıq. Burda da əsas məsələ ondan ibarətdir ki, əgər Azərbaycan bu təşkilata üzv olsa, Avropa buna qısqanclıqla yanaşa bilər. Məncə, Azərbaycan heç bir iqtisadi, siyasi, hərbi bloklara qoşulmadan öz balanslı siyasətini aparacaq”.

Qeyd edək ki, amerikalı strateq Zbiqnev Bjezinski öz proqnozlarında qarşıdakı 10-20 il ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İttifaqının dağılacağını demişdi.

İLAHƏ