“Yaxşı istəkdir, ancaq bunun reallaşması üçün əsas şərt bəllidir və dəyişməzdir. Ermənilərin böyük əksəriyyəti isə hələ bu şərti qəbul etməyə hazır deyil.” Bakı-Tbilisi-Qars dəmiryolunun işə başlaması Ermənistan mətbuatında bir neçə gündür ciddi müzakirə mövzusuna çevrilib. Ermənistan tərəfi bu cür layihədən kənarda qaldığının fərqindədir. Eyni zamanda erməni politoloqların fikrinə görə, rəsmi Bakı bir daha Ermənistanı təcrid etməyi bacardı. TİA.AZ xəbər verir ki, erməni politoloqların fikirlərinə cavab olaraq, politoloq Elxan Şahinoğlu belə bir açıqlama verib: “Ən maraqlısı odur ki, erməni şərhçilərin əksəriyyəti Bakı-Tbilisi-Qars dəmiryolunun işə başlamasını və Tehranda 3 dövlət başçısının şimal-cənub xəttinin işə salınmasının müzakirəsiylə bağlı görüşünü faktiki Ermənistanın məğlubiyyəti kimi dəyərləndirir.
Ancaq bircəciyi də özünə sual vermir və ya vermək istəmir ki, niyə bütün neft və qaz boru xətləri, o cümlədən dəmiryolları Ermənistandan yan keçdi? Necə oldu ki, ən qısa yol Ermənistan olarkən bütün marşrutlarda Gürcüstan seçildi və bütün qazanclar da məhz bu ölkəyə qaldı? Bu sualların bircə cavabı var: Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması qonşu ölkə ətrafındakı mühasirəni gücləndirdi və bütün qazanclardan məhrum etdi.
Bir erməni müəllif yazıb ki, müharibə əbədi deyil və bir gün Ermənistan da regional layihələrə qoşulacaq. Yaxşı istəkdir, ancaq bunun reallaşması üçün əsas şərt bəllidir və dəyişməzdir. Ermənilərin böyük əksəriyyəti isə hələ bu şərti qəbul etməyə hazır deyil.”
NÜŞABƏ
TİA.AZ