İrəvanda Ermənistan vətəndaşı polisə zəng edərək iki azərbaycanlının ona hücum edərək döydüyünü bildirib. Tribunainfo.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, hadisə mayın 15-də İrəvanın Ərəbkir rayonu ərazisində baş verib. Belə ki, naməlum şəxs polisə zəng edərək, iki azərbaycanlının ona hücum etdiyini bildirib. “Həmin şəxs polisə bildirib ki, həmin azərbaycanlılar onu ərazidə narkotik satmaqda ittiham edərək, hücum çəkiblər”.
Məlum olub ki, zəng edən şəxs 26 yaşlı Arman A.-dır. O ifadəsində deyib ki, yaşadığı ünvanın eyvanına hücum çəkən iki nəfər şəxs onu döyüblər. “Hər ikisi məni Azərbaycan dilində təhqir edirdilər. Canımı gücə qurtardım əllərindən”.
Qəzetin məlumatına görə, hazırda polis həmin şəxslərin axtarışına başlayıb.
Qeyd edək ki, Ermənistanda son zamanlar “şəhərdə azərbaycanlılar var” deyimləri xeyli artıb. Bunun maniya, qorxu olduğu aydındır. Bundan başqa, bəzi maraqlı tərəflər rəy yaratmağa çalışırlar ki, guya, Azərbaycan vətəndaşları sərbəst şəkildə Ermənistana gəlib-gedirlər.