Dövlət Statistika Komitəsi məlumat yayıb ki, bu ilin ilk yarısında Azərbaycanda 10 min 392.6 ton polietilen kisə və çantalar, 2 184.2 ton plastmas kisə və çantalar istehsal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə polietilen kisə və çantaların istehsalı 49.4%, plastmas kisə və çantaların istehsalı isə 3.5 dəfə artıb.
Məlumat üçün bildirək ki, ötən ilin 15 fevral tarixindən etibarən Bakıda fəaliyyət göstərən aparıcı supermarketlərdə polietilen torbalara görə alıcılardan ödəniş tələb olunur. Polietilen torbaların qiyməti həcminə görə 3 və 5 qəpik təşkil edir.
Qeyd edək ki, ötən il mətbuata açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bildiriblər ki, polietilen torbaların ödənişli olmasında əsas məqsəd bu torbalardan istifadəni azaltmaqdır.
Lakin açıqlanan rəsmi məlumatlar göstərir ki, polietilen torbaların ödənişli olmasından sonra bu məhsulun istehsalı kəskin şəkildə artıb.
Məsələ ilə bağlı Bizim.media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, son zamanlar ölkəmizdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilir:
“Azərbaycanda qlobal iqlim dəyişikliyinə verdiyi töhfə və ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir ki, aparıcı ölkələr və Beynəlxalq təşkilatlar qlobal iqlim dəyişikliklərini müzakirə etmək üçün noyabrda Bakıda toplaşacaq.
Bu, çox böyük etimaddır, nailiyyətdir. Ona görə bəzi dövlət qurumları da öz qərarlarını bu istiqamətdə verir. Lakin bəzi hallarda belə qərarlar alınarkən tələskənliyə yol verilir. Təsadüfi deyil ki, polietilen torbaların pullu olması ilə bağlı qərarın verilməsindən sonra dövriyyənin bu qədər artması xeyli təəccüb doğurur. Əslində bu qərar ona görə verilmişdi ki, polietilen torbalar pullu olacağı təqdirdə ondan istifadə azalacaq. Nəticədə, ətraf mühitə tullanılan polietilen məmulatların həcmi kiçiləcək. İqtisadiyyatda belə bir ifadə var: əks-effekt sindromu… Görünən odur ki, polietilen torbaların pullu olması da əks-effekt verib. Nəticədə polietilen torbalara tətbiq edilən yeni qaydalar tələbatı artırıb. Tələbat artdıqca da istehsalın həcmi böyüyür”.
Müsahibimiz onu da xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son qərarı plastmas kisələrə aid deyil:
“Nəzərə alaq ki, bu məhsulun istehsalı 3.5 dəfə artıb. Eləcə də, polietilen torbaların istehsalının 50 faizədək artması onu göstərir ki, buna tələbat var. Bu da o deməkdir ki, məlum qərar polietilen torbaların istehsalını stimullaşdırır. Artıq ticarət şəbəkələri bu qablara biznes marağından baxır. Əgər əvvəl polietilen torbalar alıcıya pulsuz verilirdisə, bu gün satılır.
Ona görə də ticarət şəbəkələri artıq polietilen torbalara pul verməkdə ehtiyatlanmır. Çünki, 1-2 qəpiyə aldıqları qabları ən azı 2 dəfə baha qiymətə satırlar. Beləcə, polietilen torbalar aktiv ticarət mallarının bir seqmentinə çevrilir. Bu da gözlənilən nəticənin əldə edilmədiyini göstərir. Görünür, bu qərar verilərkən nə isə diqqətdən qaçıb”.