YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olan 9 nümayəndənin təqdimat çıxışı və müsahibə mərhələsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ingilis dilini mükəmməl bilmədiyi üçün çətin anlar yaşayıb.
YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd olan 9 nümayəndənin təqdimat çıxışı və müsahibə mərhələsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ingilis dilini mükəmməl bilmədiyi üçün çətin anlar yaşayıb.
Polad Bülbüloğlunun da təmsil olunduğu seçim prosedurunda namizədlər üzv ölkə təmsilçilərinin suallarını cavablandırıblar. Təşkilatın əsas işçi dilləri ingilis və fransız dili olub və bir saat yarım ərzində ingiliscə danışmalı olan Azərbaycan təmsilçisinin dil hazırlığının qənaətbəxş olmadığı ortaya çıxıb.
Polad Bülbüloğlu sözlərin tələffüzündə, intonasiya, söz və məntiqi vurğularda səhvlərə yol verib, hətta bir neçə məqamda sualları qarışdıraraq əvvəlki sualların cavabını yeni suallara cavab olaraq səsləndirib.
Bu hal ictimaiyyətdə müzakirəyə səbəb olub və P.Bülbüloğlunun ingilis dili bilgisinin zəif olması bəzi şəxslər tərəfindən qınanılıb.
Azərbaycanın Respublikasının 70-dən çox ölkədə diplomatik korpusu fəaliyyət göstərir. Bəs səfirlər ingilis dilini bilməlidirlərmi?
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Musavat.com-a bildirib ki, səfirlərin statusu 1961-ci il tarixli “Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası” ilə tənzimlənir: “Konsulların fəaliyyəti isə 1969-cu il tarixli Vyana Konvensiyası əsasında tənzimlənir. Bu konvensiyalarda ingilis və fransız dilinin bilinməsi tələb kimi istənilmir. Yəni belə bir şərt mövcud deyil. Ən azından ona görə ki, diplomatlar tərcüməçidən istifadə edə bilərlər. Ancaq onu da deyim ki, bu, çox da praktik olmur və hər dəfə tərcüməçidən istifadə edilməyə də bilər. Məsələn, elə işlər var ki, təhlükəsizlik məsələləri ilə əlaqələndirilərək, tərəflər arasında təkbətək görüş olur. Belə olduqda isə yaxşı olar ki, şəxs ingilis dilində danışa bilsin. Ən azından söhbət səfirdən gedirsə, o, dövlət başçısına etimad məktubunu verir. Adətən dövlət başçısı ilə aralarındakı danışıq ingilis dilində olur. Dövlət başçıları da aydındır ki, bir neçə xarici dil bilirlər. Bundan başqa, yeni səfir təyin olunan zaman xarici işlər naziri də ziyafət verir. Orada tərcüməçi vasitəsilə danışmaq mümkün olsa da, səfirin özünün ingilis dilini bilməsi yaxşı olar. Ümumiyyətlə, burada təcrübə belədir ki, səfiri birdən-birə təyin etmirlər. Normal halda səfir təyin olunana qədər Xarici İşlər Nazirliyində bir neçə vəzifədən keçir, yalnız bundan sonra səfir olur. Ona görə də bu adamların çoxu bir neçə xarici dil bilir. Adətən səfirlik bir karyera işidir. Xaricdə belədir ki, mərhələlərdən keçdikdən sonra səfir təyin olunurlar”.
F.Mehdiyev bildirib ki, səfirin tədbirlərdə çıxış etməsi halları da qaçılmaz olur:
“Belə olan halda, əlbəttə ki, yaxşı olar, ingiliscə çıxış edə bilsin. Lakin bunun üçün qəti bir məcburiyyət yoxdur. Polad Bülbüloğlu məsələsinə gəlincə isə nəzərə almaq lazımdır ki, rus dili də BMT-nin altı rəsmi dilindən biridir. Orada ingilis dilindən başqa dillər də var. Fransız, ispan, rus, ərəb dillərini qeyd etmək olar. Rus dili də ingilis dili kimi beynəlxalq dillərdən biri hesab olunur”.