Pirotexniki vasitələrin satışına icazə verilmir: bəs partlayan nədir? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Yeni il yaxınlaşdıqca Bakıda partapart səsləri də çoxalır. İnsanlar, istifadəsi və satışı qadağan edilən pirotexniki vasitələri əldə edib, partladırlar.

 

Yeni il yaxınlaşdıqca Bakıda partapart səsləri də çoxalır. İnsanlar, istifadəsi və satışı qadağan edilən pirotexniki vasitələri əldə edib, partladırlar.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının hələ 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadağan edilib.

Ancaq buna baxmayaraq, onları gizli şəkildə satanlar az deyil. Satıcılar bilirlər ki, bu vasitələr qadağan edilib. Ona görə də şəhərin mərkəzində açıq şəkildə bu cür vasitələrin satışını həyata keçirmirlər. Bu ilin mart ayında isə “28 May” stansiyasının qarşısında Novruz bayramı məqsədilə qurulan alış-veriş yarmarkasında bu cür maddələrlə rastlaşmışdıq.

Qurulan çadırlarda o zaman pirotexniki vasitələrin hər növü, özü də açıq şəkildə satışa çıxarılmışdı. “Yeni Müsavat” qəzetində bu barədə yazı dərc olunduqdan sonra isə işə BŞİH qarışdı və pirotexniki vasitələr oradan yığışdırıldı.

Bu ildə də Yeni illə bağlı həmin ərazidə 4 çadır qurulub. Hər birində müxtəlif cür bayram bəzəkləri, yolkalar satılır. Orada yerləşən 3 çadırda satıcılarla söhbətimiz zamanı bildirdilər ki, bu cür vasitələrin satışına qadağa qoyulduğu üçün onlar da satmaq üçün gətirmirlər.

Ancaq bir çadırda olan satıcı söylədi ki, 2 ədəd fişəngi var ki, onları da birini 15 manatdan sata bilər. Lakin satıcı həmin vasitələri açıq şəkildə vitrinə qoymamışdılar. Baha olduğunu söylədiyimizdə isə bildirdi ki, bu cür vasitələri gətirmək, satmaq asan məsələ deyil.

Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, qadağan edilsə də bu kimi vasitələri Binə və Sədərək bazarında əldə etmək olur. Ancaq orada da satıcılar bunun satışını gizli şəkildə həyata keçirmirlər.

Görünən budur ki, şəhərdə artıq eşidilməyə başlayan partapart səslərinin də mənbəyi elə bu kimi satıcılardır. Bundan başqa isə pirotexnik vasitələri sosial şəbəkələrdə müxtəlif qruplar yaradıb, orada da gizli yolla satanlar var. Onlar da alıcılarla əsasən metro stansiyalarının qarşısında görüşüb, “mallarını” çatdırırlar.

Dekabrın 16-da Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki,  Tovuz Gömrük İdarəsinin əməkdaşları təkcə bir gün ərzində dörd fakt üzrə 1103 ədəd fişəng və 33 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar edilib.

Dekabrın 9-da elə “Sınıq Körpü” gömrük postunda vətəndaşın avtomobilinin qapılarında “Cock Crowing At Dawn” adlı 27000 ədəd pirotexniki vasitə aşkarlanıb, götürülüb.

Ötən il Yeni il öncəsi də pirotexniki vasitələrin ölkəyə gətirilməsi və satışı məsələsi ciddi nəzarət altına alınmışdı. Belə ki, ötən ilin noyabr ayında Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmişdi. Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 adda, ümumilikdə 59 216 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülmüşdü.

Qeyd edək ki, bu kimi qadağan olunmuş məhsulların satışına BŞİH Ticarət və Xidmət Departamenti, Daxili İşlər Nazirliyinin və Gömrük Komitəsinin əməkdaşları nəzarət edirlər.