Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-a məxsus Bakı-Qroznı aviareysinin sərnişinlərindən biri, Gəncə sakini Toğrul Cəfərov bu gün evinə dönüb. Onu yaşadığı evin qarşısında ailə üzvləri və yaxınları qarşılayıblar. Gəlişi münasibətilə qurban kəsilib.
32 yaşlı Toğrul Cəfərov qəzanı və baş verənləri APA TV-yə danışıb: “Qroznıya gedirdim, dostum dəvət etmişdi. Oradan da Moskvaya biletimiz var idi. Pilotumuza və həlak olan sərnişinlərə Allah rəhmət eləsin. Qəza zamanı hər kəs həyəcan içində idi. Pilot dəfələrlə suya eniş etməyə cəhd etdi və bizi buna hazırladı. Təyyarə yerə düşərkən çox zərbə aldıq. Son anda huşumu itirmişdim. Təyyarədən ilk çıxan Zamin adlı şəxs oldu, o, bir qızı və sonra məni xilas etdi. Daha sonra birlikdə digər yaralıları çıxardıq. Qazaxıstanın Aktau şəhərinin əhalisi çox tez köməyə gəldi, hər birimizə yardım etdilər”.
Toğrulun valideynləri ölkə başçısına və Azərbaycan xalqına göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər: “Oğlumuz sağ-salamat qayıtdı. Təəssüf ki, digərləri üçün qismət olmadı. Həlak olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik”.
Qeyd edək ki, ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i, o cümlədən üç ekipaj üzvü həlak olub, 29 nəfər isə sağ qalıb. Sağ qalan sərnişinlərə ambulator və psixoloji dəstək göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: