PİLİNQDƏN VƏ TATUAJDAN SONRA GÜNƏ ÇIXMAYIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Günəş insan orqanizmi üçün çox faydalıdır. Belə ki, günəş şüaları lazımi dozada qəbul edildikdə orqanizmə çox xeyirlidir. 

“Günəş insan orqanizmi üçün çox faydalıdır. Belə ki, günəş şüaları lazımi dozada qəbul edildikdə orqanizmə çox xeyirlidir.

TİA.AZ xəbər verir ki, bu sözləri terapevt Elnur Rəhimov isti havalalarla əlaqədər insanlara tövsiyyələrini bildirərkən deyib:

“Günəş şüalarının spektrinə daxil olan şüalardan biri də ultrabənövşəyi şüalardır, onlar D vitamininin sintezində, fosfor və kalsiumun həzminin tənzimlənməsində, yaraların sağalmasında, sümük-əzələ karkasının möhkəmlənməsində iştirak edir. Lakin günəşin həddən artıq çox təsiri zamanı dəridə qızartı, qaşınma, suluqlar və s. yaranır. Dərinin qızarma səbəbi ultrabənövşəyi şüaların həddən artıq təsiri nəticəsində dəridəki melaninin oksidləşmənin lazımi səviyyəyə keçməsinə vaxt tapa bilməməsidir. Bütün bu sadalanan əlamətlər fotodermatit adlanır. Fotodermatit (fotodermatoz) dərinin günəşə qarşı fotohəssaslığının artması nəticəsində yaranan xəstəlikdir. Günəşlə kontaktdan sonra fotodermatit özünü üzün, bədənin, bəzən də əlin, ayaqların dərisində suluqlar (vezikul və pustulalar), qızartı, qaşınma, qabıqlanma və s. şəklində göstərir”.

Terapevt  deyir ki, fotodermatit adətən dənizə getdikdən sonra yaranır. Xalq arasında fotodermatiti “günəşə qarşı allergiya” da adlandırırlar: 

“Fotodermatit 2 cür olur: ekzogen və endogen fotodermatit. Ekzogen fotodermatitə misal olaraq, çəmənlik dermatitini göstərmək olar. Belə ki, çəmənlikdə olan və xüsusilə də yay dövründə çiçəkləyən bitkilər bu periodda insan dərisində çökə bilən xüsusi maddələr – furokumarinlər sintez edirlər. Nəticədə çəmənlikdə olan və dərisində bir qədər həssaslıq olan insanlarda furokumarinlərin və günəş şüalarının təsirindən dərilərində allergik reaksiyalar baş qaldırır”.

E.Rəhimov deyir ki, bir çox xanımlar evdən çıxmazdan öncə və ya dənizə, harasa istirahətə gedərkən müxtəlif kosmetik vasitələrdən, ətirlərdən istifadə edirlər:

“Xanımların nəzərinə çatdırıram ki, yay fəslində bu kimyəvi tərkibdə olan kosmetik vasitələrdən və ətirlərdən istifadə etməyin, belə ki, bu kimyəvi maddələr ultrabənövşəyi şüalarla reaksiyaya girərək, arzuolunmaz allergik nəticələrə gətirib çıxara bilərlər: eozin tərkibli dodaq boyaları, paraaminobenzoy turşusu (PABT) tərkibli gündən qoruyucu kremlər, berqamot və qızılgül yağı, cəfəri və şüyüd suyu. Bunlardan əlavə doymamış yağ turşuları, retinoidlər, dazıotu tərkibli preparatlar, bor və salisil turşusu, fenol və civə preparatları, sulfanilamidlər, barbituratlar, bəzi antibiotiklər, antihistamin preparatları, sitostatiklər, oral kontraseptivlər də dərinin fotohəssaslığını artırmaq xüsusiyyətinə malikdir. Pilinqdən və kadmium duzları ilə tatuajdan sonra da gün altında çox olmaq olmaz”.

Terapevtin sözlərinə görə, endogen fotodermatitlərə isə porfiriya, piqmentli kserodermiya, günəş ekzeması, günəş qoturluğu, hydroa vacciniformia, polimorf fotodermatoz kimi kifayət qədər nadir xəstəliklər aiddir, hansı ki, bu xəstəliklərin inkişafında da immun sistemin zəifləməsi, müxtəlif mübadilə pozulmaları böyük rol oynayır.

Fotodermatitin əlamətləri bunlardır: 

Kəskin sərhədli eritema (qızartı), suluqlar, ağrı, dərinin qalınlaşması, qaşınma.

Müalicə və profilaktikası 

Kələm yarpağı, nazik doğranmış xiyar və kartof dilimləri, qatıq, xama yerli olaraq çox yaxşı təsir göstərir.

“3 saat müddətində hər yarım saatdan bir dərinin zədəli nahiyələrinə 15 dəqiqə müddətinə palıd qabığı, çobanyastığı çiçəyi, yatıqqanqal otu və dəmrovotu otu kimi bitki dəmləmələrində isladılmış 6-8 qatlı tənzif qoyulur. Fasilə verdikdə isə dəriyə nəmləndirici kremlər yaxılır.

Daxilə isə antioksidantlar , B, C, E və PP vitaminləri təyin edilir.

Ağır formalarda hormonal məlhəmlər təyin edilir.

Əgər fotodermatit artıq ikinci dəfə yaranarsa, artıq günəş altında dayanmaq qadağan edilməlidir”.

E.Rəhimov insanlara xəbərdarlıq edərək deyir ki, evdən çıxmazdan öncə SPF-li (Sun Protect Factor 5-70) kremlərdən istifadə etmək, günəş vannalarını səhər saat 6-dan 10-a qədər, axşam isə saat 16-dan 19-a qədər qəbul etmək, bədəni, başı günəşdən qoruyan geyimlərdən və gün eynəklərindən istifadə etmək, təbii pambıq parçalı geyimlərə üstünlük vermək lazımdır: ”Çünki onlar şüanı 6%, sintetik parçalar isə 15% keçirir. Bundan başqa qidalanmaya da fikir vermək lazımdır. Belə ki, içki olaraq, yaşıl çay və nar şirəsindən çox, qida rasionunda tərəvəzlərə, meyvələrə, paxlalılara və fındığa üstünlük vermək lazımdır.

Hamilələrin və 3 yaşına qədər olan uşaqların günəşin aktivliyinin çox olduğu saatlarda evdə olmaları məsləhətdir”.


İlahə