Pezeşkianın oğlundan SƏRT AÇIQLAMA –  Azərbaycanla müharibə etmək…

Pezeşkianın oğlundan SƏRT AÇIQLAMA – Azərbaycanla müharibə etmək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkə daxilində Azərbaycana qarşı yönəlmiş ittihamları sərt şəkildə tənqid edib.

Tribunainfo.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, o, bəzi radikal qrupların İran-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində atılan addımlara qarşı çıxışlarını qeyri-məsuliyyətli və təhlükəli adlandırıb.

Yusif Pezeşkian bildirib ki, hər bir fikrin və addımın nəticəsi olur və bu nəticələri öncədən düşünmək lazımdır.

“İnsanın dediklərinə inanması vacibdir, amma eyni zamanda bu sözlərin yaratdığı nəticələri də dəyərləndirmək, ola biləcək zərəri hesablamaq və nəticəyə hazır olmaq lazımdır”.

O, bəzi şəxslərin “Azərbaycan İsrailə müharibədə yardım edib” iddialarına diqqət çəkib: “Bu iddiaların sübutu nədir? İranın rəsmi strukturları və ya Azərbaycanda yaşayan iranlılardan hər hansı bir məlumat təqdim edilibmi? Həqiqətən bir fakt varmı ki, Azərbaycan İsrailə İrana qarşı yardım edib? Aydındır ki, belə bir rəsmi təsdiq yoxdur.”

Pezeşkian bildirib ki, bu cür əsassız iddialar ölkəyə xeyir gətirmir, əksinə, İran-Azərbaycan münasibətlərini gərginləşdirir və regionda sabitliyə zərbə vurur.

O, İran cəmiyyətinə üç ssenari təqdim edib:

Azərbaycanla müharibə etmək və ya onu buna təhrik etmək;

Münasibətləri “nə müharibə, nə sülh” vəziyyətində saxlamaq;

Fikir ayrılıqlarına baxmayaraq, qonşuluq münasibətlərini davam etdirmək və əməkdaşlıq etmək.

“Birinci ssenari nə dövlət rəhbərliyinin mövqeyidir, nə də ölkənin maraqlarına uyğundur”, – prezidentin oğlu deyib və xəbərdarlıq edib ki, Azərbaycana qarşı səsləndirilən ittihamlar ölkəni elə bu təhlükəli ssenariyə sürükləyir.

İkinci ssenarini də məqsədəuyğun saymayan Pezeşkian bildirib ki, birini düşmən kimi qəbul edirsənsə, onun istənilən sahədə, iqtisadi, siyasi və beynəlxalq platformalarda addımlarına da hazır olmalısan.

Ən məqbul yolun əməkdaşlıq və qarşılıqlı anlaşma olduğunu qeyd edən Yusif Pezeşkian əlavə edib: “İki ölkə arasında fikir ayrılıqları və maraq toqquşmaları ola bilər. Amma bu, qarşılıqlı fayda naminə əməkdaşlıq qurmağa mane olmamalıdır.”

O, reallıqda bu davranışların nəinki ölkəyə, ümumilikdə müsəlmanlara zərər verdiyini vurğulayıb:

“Gəlin diqqətli olaq və bilmədən İsrailin oyununda piyada olmayıq”, – deyə İran prezidentinin oğlu çıxışını tamamlayıb.