İran prezidenti Məsud Pezeşkianın Zəncanda Azərbaycanla bağlı səsləndirdiyi fikirlər bu ölkədəki anti-Azərbaycan mərkəzlərinin qəzəbinə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, Azərbaycana qarşı kin qusan həmin qrupun üzvləri Pezeşkianı “xəyanət”də belə ittiham ediblər.
“Zəhrdaru” Teleqram kanalındda çıxış edən sosial media fəalı Rza Şeybani daha sərt üsluba baş vurub: “Bu cür bəyanatlar xalqın etimadına xəyanətdir. Açıq dəlillərə görə, ölkəmizə qarşı hərbi əməliyyatlarda İsraillə əməkdaşlıq edən və İran xalqının, o cümlədən azərbaycanlıların qətliamında bu rejimin döyüş maşınına yanacaq verən bir ölkə haqqında məsuliyyətsizcə danışmaq qəbuledilməzdir!”
Anti-Azərbaycan qrupunun digər üzvü, özünü ekspert kimi təqdim edən Ehsan Movəhhediyan da dinc oturmayıb. O yazıb: “Pezeşkianın Bakı ilə bağlı arqumentindən belə çıxır ki, İraqın İrana hücumunda da günahkar biz olmuşuq. Çünki qohumlarımızla sağlam münasibət qura bilməmişik! Siyasətə bu romantik baxışla, biz İsraillə növbəti müharibədə daha pis sürprizlər gözləməliyik! Siz Azərbaycana təzyiq etmək əvəzinə, müharibə şəraitində olan İranı günahlandırırsınız?”
Fərda Uğur