İranın yeni prezidenti Məsud Pezşkian vəzifəsinin icrasına başlayan kimi, bir sıra qərarlar verməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, həmin addımlar əsasən daxilə hesablanıb və daha çox iqtisadi sahəni əhatə edir.
Bildirək ki, Pezeşkianın ilk addımı sabiq prezident İbrahim Rəisi öldükdən sonra hakimiyyəti idarə edən komandanın imzaladığ sərəncamların ləğvindən ibarət olub. Belə ki, o, maliyyə, təyinat və digər məsələləri əhatə edən həmin sərəncamların şübhəli olduğunu deyib. Hətta məsələləri araşdırmaq üçün komissiya yaradılacağını vurğulayıb.
Qeyd edək ki, burada söhbət müəyyən maraqlar çərçivəsində məmur təyinatları, büdcədən külli miqdarda pulun ayrılmasından gedir. Bəzi müşahidəçilərə görə, Rəisi dövründən sonrakı aralıq müddətdə vəzifə başında olanların bir çoxunun başı ağrıyacaq.
Yeni prezidentin ikinci addımı isə kadr məsələləri ilə bağlı olub. Bir müddət əvvəl Məhhəmd Rza Arefi birinci vitse prezident, Məhəmməd Həmid Mirzayini Prezident Aparatının rəhbəri təyin edən Pezeşkian, dünən daha iki təyinat edib. Onlardan biri sabiq XİN başçısı Məhəmməd Cavad Zəriflə bağlı olub. Zərif yeni hökumətdə strateji məsələlər üzrə vitse-prezident təyinatı alıb. Onun missiyası Qərblə danışıqlar prosesini təşkil etmək və aparmaq olacaq. Həmçinin kadr məsələlərində də önəmli söz sahibi olacaq.
İkinci təyinat isə Məsud Qaimipərvinin vitse prezident təyin edilməsidir. Dövlət idarəçiliyində uzun zaman çalışmış Qaimipərvin, yaxşı strateq kimi tanınır.
Tribunainfo.az xəbər verir ki, Pezeşkiyanın üçüncü addımı isə dolların bahalaşmasını önləməklə bağlı qərarı olub. Belə ki, o, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra daxili bazarda dolların dalğalanma effekti yarada biləcəyini əsas tutaraq, Milli Banka ABŞ valyutasının sabit saxlanılması üçün göstəriş verib. Göstərişə əsasən İran Milli Bankı tümənin dəyərdən düşməməsi üçün böyük miqdarda dollar ayırıb və onun bazara transferini təşkil edib. Nəticədə, İranda tümən dollar qarşısında bir qədər möhkəmlənib. Belə ki, ötən iki günə qədər 1 dollar 60 min tümən idisə, dünən dollar 4000 tümən ucuzlaşaraq, 56 min tümənə düşüb.
Pezeşkiyanın dördüncü addımı isə avtomobil sənayesi ilə bağlı olub. Tribunainfo.az xəbər verir ki, yeni qəfrara əsasən xaricdən ikinci əl avtomobillərin İrana gətirilməsinə qoyulmuş məhdudiyyət aradan götürülüb. Qərara əsasən ili 2019-cu ildən köhnə olmayan, yalınız benzinlə çalışan istənilən avtomobili İrana gətirmək olar. Həmçinin bu avtomobillər üçün müəyyən edilmiş gömrük rüsumları da aşağı salınıb.
İranın yeni prezidenti buna paralel olaraq, yerli istehsal avtomobillərin də qiymətlərini endirməklə bağlı sərəncam imzalayıb. Həmin qərara əsasən “İran Khodro” şirkətinin istehsal etdiyi bütün avtomobillərinin qiymətlərinin süni şəkildə şişirdildiyi vurğulanır və onların tənzimlənməsinə ehtiyac duyulduğu qeyd edilir. Bu sərəncamın ardından İran istehsalı olan avtomobillərin qiymətlərində ən azı 20 faiz ucuzlaşma baş verəcəyi gözlənilir.