Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən əlverişli üsulu vaksinasıyadır. Bəzi valideynlər övladlarının peyvənd olunmasına qarşıdır. Lakin həkimlər hesab edir ki, uşaqlar hələ körpə ikən bir çox xəstəliyə məruz qala bilər və bunun qarşısını almağın ən effektiv yolu vaxtında edilmiş peyvəndlərdir.
Bu barədə Tribunainfo.az-a danışan həkim-pediatr Altay Abdullaoğlu bildirib ki, peyvənddən sonra çox nadir hallarda fəsadlar (həmin nahiyyədə qızarıqlıq, şişkinlik, yüngül qızdırma) ola bilər. Amma faydası zərərindən daha çox olduğu üçün bütün mütəxəssislər tərəfindən vurulması tövsiyə olunur.
Həkim peyvəndlə bağlı valideynləri maraqlandıran sualları da cavablandırıb. Həkim bildirib ki, ağır və ya özəl xəstəliklər xaricində digər xəstəliklərdə uşaqlara peyvənd vurula bilər:
“Peyvənd vurulması üçün uşağın tam sağlam olması vacib deyil. Məsələn, yüngül qrip, yüngül allergiya, yüngül nevroloji xəstəliklər, yüngül qızdırma olarsa vurula bilər.
Həmçinin istər yayda, istərsə də qışda vurulan peyvəndlərdən sonra bəzi narahatlıqlar ola bilər. Bu fəsadların olmasının fəsillərlə heç bir əlaqəsi yoxdur. Əgər belə bir məntiqlə yanaşsaq o zaman isti ölkələrdə gərək heç bir peyvənd vurulmasın.
Eyni gündə bir neçə peyvənd vurula bilər. 2 hətta 3 dənə peyvənd vurula bilər. Bilinən fikirlərin əksinə eyni gündə 2,3 peyvəndin vurulması ağırlaşma dərəcəsini artırmaz. Məsələn, Türkiyədə peyvəndlər heç vaxt tək vurulmur. Həmişə iki-iki və ya üç-üç vurulur”.