Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək – FƏRMANbackend

Peşə məktəblərində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək – FƏRMAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

APA xəbər verir ki, Fərmana əsasən, peşə təhsili müəssisələrində 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına kadr hazırlığı mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçiriləcək.

Adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığı həyata keçirilən peşə təhsili müəssisələrində 2023–2026-cı illərdə 12 000 təhsilalana münasibətdə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək.

Müəyyən edilib ki, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə dövlət sifarişi ölkənin əmək bazarının xüsusiyyətləri və prioritet inkişaf istiqamətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir;

Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə tələbə qəbulunu həmin il may ayının 1-dək təsdiq edir.

Nazirlər Kabineti ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə kadr hazırlığını həyata keçirəcək peşə təhsili müəssisələrinin siyahısını və təhsilalanlarının sayını, eləcə də hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək təhsilalanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Maliyyə Nazirliyinə bu Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etmək tapşırılıb.