Azərbaycandan sadəcə Almaniyaya 1400 həkim getməsi çox düşündürücüdür. Bu sayın zamanla artacağı da dəqiqdir. Buna səbəb olacaq bir çox faktor var: təhsil aldıqları universitetdəki və ya daha sonra çalışmağa (staj görməyə) başladıqları yerlərdəki aldıqları psixolojik travmalar, güvənli-həkim haqlarını qoruyan-həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması sayıla bilər.
Tribunainfo.az yazır ki, bu barədə narahatlığını tanınmış kordioloq Üzeyir Rəhimov dilə gətirib. O bildirib ki, heç kəs Vətənini buraxıb getmək istəməz, ancaq gedənlər də buna məcbur buraxılır:
“Gedənlər bir şey itirdilərmi? Xeyir, tam tərsi , gələcəklərini güvəncəyə aldılar və məsləki olaraq işlərindən zövq alacaqlar (ölkəmizdən fərqli olaraq). Üzücü olsa da ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa 1400 həmyerlim həkim rahat olacaq və lazım olduğunda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 illik xarici ölkədə tibb təhsili alıb Vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm.
Papağımızı qabağımıza qoyub düşünməliyik”