Pentaqon “plan masasdadır”, Xamineyi isə “döyüşə hazırlaşın” deyir

Pentaqon “plan masasdadır”, Xamineyi isə “döyüşə hazırlaşın” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında Omanda aparılan danışıqların bəzi detalları məlum olub. Tribunainfo.az xəbər verir ki, rəsmi Tehran danışıqlarda əsasən nüvə proqramı və sanksiyaların ləğvi məsələsini müzakirə etdiklərini qeyd edib.

İranın XİN başçısı Abbas Ərqaçı deyib ki, onlar danışıqların növbəti raunduna hazırlaşırlar. Bu danışıqların isə aprelin 19-da Romada keçirləcəyi gözlənilir.

Qeyd edək ki, ümumilikdə, danışıqların nəticəsiz başa çatdığını demək mümkündür. Çünki tərəflər arasında hər hansı sənəd və ya niyyət protokolu imzalanmayıb. Hərçənd Ərqaçı iddia edir ki, növbəti görüşdə nüvə proqramı ilə bağlı çərçivə sazişi imzalamaq imkanları nəzərdən keçirilə bilər.

Lakin nazirdən fərqli olaraq, İranın dini lideri Əli Xamineyi döyüşə hazır olmaq barədə növbəti dəfə danışıb. Bir qədər əvvəl onun SEPAH-a yüksək döyüş hazırlığı vəziyyətinə gətirilmə barədə göstəriş vermişdi. Növbəti göstəriş dünən dilə gətirilib və İranın müharibəyə hazır olmasının vacibliyini qeyd edib.

Tribunainfo.az xəbər verir ki, ABŞ-da da danışıqlarla bağlı fərqli düşüncə yoxdur. Ötən gün CNN-ə danışan ABŞ Prezidenti Donald Tramp vurğulayıb ki, danışıqlar yaxşı gedir. “Düşünürəm ki, İranla bağlı vəziyyət kifayət qədər yaxşı inkişaf edir”.

Lakin o, bu danışıqların uzanmasında maraqlı olmadıqlarını da vurğulayıb. “Biz yaxın günlərdə İranla bağlı qərarımızı açıqlayacağıq”.

Pentaqon rəhbəri Pit Heqset isə “Fox News”a açıqlamasında deyib ki, ABŞ prezidenti Donald Tramp başqa şeylərlə yanaşı, İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün hərbi vasitələrdən istifadə edə biləcəyini söyləyərkən çox ciddi danışıb.

Fərda Uğur