Azərbaycanda pensiya alan vətəndaşlara bu il 200 manat yardımın ödənilib-ödənilməyəcəyi geniş müzakirələrə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, Azərbaycanda pensiyaçılara 200 manat yardım 2022-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə ödənilib.
Daha sonra həmin yardım pensiya məbləğinə əlavə olunub və indeksləşdirmə zamanı nəzərə alınıb.
Bəs cari ildə də pensiyaçılar həmin yardımı ala biləcəkmi?
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov açıqlamasında qeyd edib ki, pensiyaçılara əlavə pensiya yardımın ödənilməsi ilə bağlı təklif Milli Məclisdə səsləndirilib:
“Bu istiqamətdə addımlar həm fiskal gəlirlərimizdən, həm də sözsüz indeksləşdirmə nəticəsində pensiyalardakı artım, media artım, eyni zamanda orta pensiya məbləğinin necə dəyişməsi ilə o cümlədən, istehlak bazarındakı qiymətlərlə bağlı prosesdir.
Nəzərə almaq lazımdır ki, pensiyaçıların sosial təminatının gücləndirilməsi hər zaman prioritetdir və Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə bu istiqamətə yönəldilən vəsaitlərin həcmində artımlar var. Bu, həm pensiya indeksləşdirilməsi, həm də minimum pensiyadakı artımlarla bağlıdır. Bu da nəticə etibarilə dövlət büdcəsinin bu istiqamətə daha çox vəsaitin ayrılmasını labüd edir. 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətdə 17 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Cari ildə də pensiyaçılar və büdcədən vəsait alan vətəndaşların sosial təminatının gücləndirilməsi prioritet olaraq qalacaq.
Konkret olaraq yardımların verilib-verilməməsi və ya bu istiqamətdə hansı addımların atılması ilə bağlı suallara cavab olaraq deyə bilərəm ki, ilkin olaraq pensiya indeksləşdirilməsi həyata keçiriləcək. Minimum pensiya 14,3 faiz artıb. Əmək pensiyasının indeksləşdirilməsinin təxminən 8 faiz olacağı gözlənilir. Daha sonra fiskal gəlirlərə uyğun olaraq sosial təminatın daha da gücləndirilməsi istiqamətində addımlar atılacaq”.