“Neftin qiyməti 100 dollara çatır, amma bizdə benzin ucuzlaşmır…”
“Ötən ilin sonu Prezident fərmanlar verdi. Pensiya və təqaüdlər 20 faizdən 40 faizə qədər, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatların vəsaitləri də artırıldı. Bahalaşmanın qarşısını almağa görə belə addımlar atılır. Lakin kifayət deyil. İnflyasiyanın 4-6 faizdə qorunub saxlanılmasına çalışmaq lazımdır. Həmçinin manat dəyərdən düşməməlidir”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov sherg.az saytına müsahibəsində deyib. Ölkədəki sosial-iqtisadi vəziyyəti dəyərləndirən millət vəkili manatın devalvasiyası barədə xəbərələrin əsassız olduğunu deyib.
“ Belə hadisə baş verməyəcək. Çünki Mərkəzi Bankın tədavül balansı və s. göstərir ki, manata qarşı ciddi təhdidlər yoxdur”,– o qeyd edib.
Deputat Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı narazlıqlarla bağlı bunları deyib: “Elə ölkələr var ki, pensiya yaşı Azərbaycandakından yüksəkdir və yaxud əksinədir. Pensiya yaşının arıtırılması düzgün addım hesab etmirəm. Son illər baş verən hadisələr, xüsusilə pandemiya insan tələfatına səbəb oldu. Faktiki olaraq, insanlar pensiya yaşına çata bilmirlər. Pensiya yaşının azaldılması istiqamətində çağırışlar, tələblər var. Gedən proseslər pensiya yaşının azaldılmasının vacibliyini göstərir”.
Vahid Əhmədov kommunal xidmətlərin ucuzlaşma ehtimalının olmadğını qeyd edib: “Fikir verin, neftin qiyməti qalxıb, 100 dollara yaxınlaşır. Amma bizdə benzinin qiyməti ucuzlaşmır. Aİ-92, Aİ-95 markalı benzinlərə əlavə dəyər vergisi lazımdır. Kommunal xidmətlərdə də qiymətlərin yaxın zamanlarda ucuzlaşmasını gözləmirəm”.
Millət vəkili turistik məkanlarda xidmətlərin baha olması barədə narazlıqları da haqlı hesab edir: “Bu yaxınlarda turizm haqqında qanun qəbul edildi. Qanunda ən çox sual doğuran məsələ qiymət, xidmətdir. Azərbaycanda qiymətlər yüksəkdir. Xidmətin keyfiyyətində ciddi problemlər var. Bir-iki bölgə istisna olmaq şərtilə, digər bölgələrdə xidmət aşağıdır, lakin qiymətlər yüksəkdir. Bununla əlaqəli müəyyən təkliflər vermişik. Təkliflərin üzərində aidiyyəti iş gedir”.