“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Görəsən bu qanun əhali tƏrəfindən necə qarşılanacaq?
Sosioloq Cavid İmamoğlu TİA.AZ-a bildirdi ki, pensiya yaşının qaldırılmasına cəmiyyət birmənalı münasibət göstərməyəcək: “Xüsusilə də cavanlar etiraz edəcəklər. Pensiya yaşının artmasından əziyyət çəkən ən çox gənclər olacaq. Çünki əmək bazarında onlar üçün vakant yerlərin açılması daha 4-5 il uzanmış olacaq. Gənclər pensiya yaşının artırılmasına bir növ qayğıdan məhrum olma kimi baxırlar. Ancaq yaşlı insanlar tam əksini düşünür. Xüsusi ilə də iş qabiliyyəti olanlar. Yaşlı insanlar üçün bu dəyişikliklər uyğundur.
Nəzərə alsaq ki, yaşlıların bir çoxu dövlət işlərində işləyirlər və onlar üçün erkən yaşda pensiyaya çıxmaq emosional və sosial təcrid fonunda müşahidə olunur. Bu baxımdan yaşlılar, həm qadınların, həm də kişilərin pensiyaya çıxmaq yaşının yaxın illərdə 65 yaşa qaldırılması arzuolunandır. Siz 61 yaşlı məktəb müəlliməsinin pensiya yaşı çatdığı üçün məktəbdən uzaqlaşdırılması prosesini izləsəniz, başa düşəcəksiniz ki, işləmək, dəyərli olmaq, məşğul görsənmək insan yaşayışı üçün, onun psixoloji sağlamlığı üçün nə qədər önəmlidir.
Dünya təcrübəsində də strategiya bu istiqamətdədir, inkişaf etmiş ölkələr yaxın illər ərzində pensiya yaşını 70-ə qədər qaldırmaq və bununla da yaşlılar üçün məşğulluq imkanlarını genişləndirirlər. Ancaq, təbii ki, pensiya yaşının artması ilə paralel ölkədə herentoloji işlər istiqamətində dəyişikliklər edilməlidir.
Yaşlılılıq ilə bağlı xəstəliklərin profilaktikası, ölüm yaşının uzanması və s. məsələlər daima araşdırılmalı və bu istiqamətdə işlər görülməlidir. Hökümət çalışmalıdır ki, Azərbaycanda uzun ömürlülük çoxalsın. Bundan ötrü isə ilk növbədə icbari tibbi sığorta qüvvəyə minməlidir ki, yaşlı insanlar zamanında tibbi dəstək ala bilsinlər”.
İqtisadçı ekspert Rövşən Ağayev öz facebook səhifəsində qeyd edib ki, demoqrafik faktor nəzərə alınmadan pensiya yaşı müəyyən edilə bilməz: “Orta yaşın 71-72 il olduğu ölkədə pensiya yaşı 60-62-dən yüksək ola bilməz. Bu gün dünyada orta ömrün 80-82 il olduğu ölkələrdə pensiya yaşı 65-dir. Artıq dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən, qərbi Avropa ölkələrində və Yaponiyada orta ömür 80-83 ildir. Bu ölkələrdə pensiya yaşı 65-dir, bəzi ölkələrdə isə 67 yaş müəyyən edilib.
Dünyanın ən demokratik, xalqın səsilə hakimiyyətin formalaşdığı ölkələrdə belə “dövlət hər şeyi” düz edir yanaşması yoxdur. Əksinə, dövlətin atdığı hər addıma ictimai şübhə olur, ona görə fəal nəzrət və təftiş mexanizmləri olur. Ona görə indi açıq hökumət proqramları həyata keçirilən ölkələrdə veb resurslar vasitəsilə ictimai rəy fəal öyrənilir”.
BMT-nin reytinqinə görə, “doğulanda gözlənilən ömür uzunluğu” göstəricisinə görə, Azərbaycan 188 ölkə arasında 111-ci yerdə qərarlaşıb. Azərbaycanda orta ömür uzunluğu 70 yaş ətrafındadır. İqtisadçı bildirir ki, Azərbaycanda 1990-cı illərlə müqayisədə artım var. Həmin dövrdə Azərbaycanda orta ömür göstəricisi 65-ə çatmırdı.
Dünyada göstəricinin səviyyəsi 80-dən yuxarı olan ölkələrin sayı 40-a yaxındı. Yaponiya, İsveçrə və Sinqapur 83-83.5 illə ilk üçlükdədi. Dünyada 110 ölkədə orta ömür uzunlğu 71 yaşdan yüksək, 78 ölkədə 71 yaşdan aşağıdır .
İlahə