Pensiya bu qədər ARTACAQ

Pensiya bu qədər ARTACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı açıqlanan məlumatlardan aydın olur ki, gələn il üçün həm minimum əməkhaqqında, həm də minimum pensiya məbləğində artım olacaq. Lakin yeni ildən minimum əməkhaqqının məbləğinin nə qədər olacağı açıqlansa da, minimum pensiya məbləğində nə qədər artımın olacağına dair hər hansı məlumat açıqlanmır. Buna görə də 2025-cü ildə minimum pensiyanın yeni məbləği ilə bağlı yalnız fərziyələr səsləndirilir. Sfera.az açıqlanan bəzi məlumatlara istinadən bildirir ki, növbəti ildən minimum pensiyanın məbləğinin 320 manat olması ehtimalı var.

Bu ehtimalı irəli sürməyə minimum əməkhaqqının 400 manata və pensiyaçılar üçün “dəfn pulu”nun 960 manata çatdırılması əsas verir. Azərbaycanda son illər minimum əməkhaqqı məbləği ilə minimum pensiya məbləği arasında müəyyən tarazlıq təmin edilib. Həmin tarazlığa görə minimum pensiya məbləği adətən minimum əməkhaqqının 80 faizi qədərində olur.

Hazırda minimum əməkhaqqı 345 manat, minimum pensiya isə 280 manat təşkil edir. Müqayisədən görünür ki, minimum pensiya məbləği minimum əməkhaqqının 81 faizinə bərabərdir.

2019 və 2022-ci ildə də nisbət 80 faiz səviyyəsində olub. 2019-cu ildə minimum əməkhaqqı 250 manat, minimum pensiya 200 manat, 2022-ci ildə minimum əməkhaqqı 300 manat, minimum pensiya 240 manat təşkil edib.

Son illərdə yaranan bu nisbətə istinadən deyə bilərik ki, növbəti maaş və pensiya artımından sonra da 80 faizlik nisbət qorunacaq. Yəni minimum əməkhaqqı 400 manat olacaqsa, minimum pensiya da 320 manata qaldırılacaq.

Bundan başqa, pensiyaçılar üçün “dəfn pulu”nun 960 manata çatdırılması da minimum pensiya məbləğinin 320 manat olacağı qənaətini formalaşdırır. Qaydalara görə, dəfn üçün verilən birdəfəlik müavinətin məbləği minimum pensiyanın 3 misli qədərində olmalıdır. Hazırda minimum pensiya 280 manat olduğundan “dəfn pulu” da 840 manatdır. Əgər yeni ildən “dəfn pulu” 960 manat olacaqsa, məntiqlə minimum pensiya da 320 olacaq.

 

Beləliklə, hər iki göstəricini əsas götürərək proqnozlaşdırmaq olar ki, gələn il Azərbaycanda pensiyaların minimum məbləği 320 manata çatdırılacaq.